Cənubi Qafqaz Boru Kəməri Şirkəti və “Şahdəniz” konsorsiumu Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsi üçün müqavilə imzalanıb.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, “bp-Azərbaycan” şirkətindən verilən məlumata görə, bu müqavilə boru kəməri üçün lazım olan boruların örtüklənməsi işləri üzrədir.
Kəmər borularının örtüklənməsi işləri üzrə müqavilə “Bredero Shaw International BV” şirkətinə verilib. Bu müqavilənin dəyəri təqribən 70 milyon dollar təşkil edir. Bu müqavilə üzrə iş həcminə CQBKG-nin tikintisi üçün istifadə ediləcək bütün boruların örtüklənməsi daxildir. “Bredero Shaw International” şirkəti boruların üstünü üç qat polietilen materialla və içəridən isə epoksidlə örtükləyəcək. Müqavilənin icra müddəti 18 aydır və boruların ilk partiyasının Azərbaycana bu ilin sonunda gətiriləcəyi planlaşdırılır.
Bundan əvvəl ümumilikdə 13 müqavilə elan edilib və bunlar da “Şahdəniz 2” mərhələsi layihəsinin qrafik üzrə irəliləyişinin göstəricisidir. Əsas müqavilələrin əksəriyyəti bağlandığından Bakıdakı tikinti sahələrində işlər başlanılıb.