Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə fəaliyyət göstərən törəmə şirkəti “SOCAR Turkey Energy”nin baş icraçı direktoru Kənan Yavuzun kredit kartından pul oğurlanıb.
Oxu.Az Türkiyənin “Vətən” qəzetinə istinadən xəbər verir ki, ticarət mərkəzlərindən birində kredit kartı ilə bağlı problem yaşayan K.Yavuz bankla əlaqə saxlayıb.
Bankın nümayəndəsi şirkət rəhbərinə “kartınız itdiyi üçün onu bağlatdırmısınız, yeni kredit kartını sizin ünvanınıza göndərmişik”, - deyib.
Cavabında heç bir banka müraciət etmədiyini deyən K.Yavuz kredit kartını bağlatdırıb. Aparılan araşdırma nəticəsində iş adamının bağlatdırdığı kartdan 150 min türk lirəsi (təxminən 80 min manat) pulun çıxarıldığı aydınlaşıb.
Məlum olub ki, şəxsiyyəti naməlum olan şəxs K.Yavuzun şəxsi məlumatları ilə bankın nümayəndəliyinə müraciət edərək, özünü iş adamı kimi təqdim edib, kredit kartını itirdiyini və yenisini istədiyini deyib.
O, bankda kartın göndərilməsi üçün yeni bir ünvan və yeni bir telefon nömrəsi verib, kart üzrə limiti də yüksəltməyi istəyib.
Aparılan araşdırmalar nəticəsində kredit kartını alan şəxsin S.A. olduğu məlum olub. O, əldə olunan məlumatlarla əlaqədar həbs edilib.
Özünü iş adamı Kənan Yavuz kimi təqdim edərək kredit kartı alan şübhəli şəxsin müəyyənləşdirilməsi üçün təhqiqat başlayıb. Saxlanılan S.A.-nın dindirilməsindən sonra daha 2 nəfər şübhəli şəxs müəyyənləşdirilib. Hazırda onların saxlanılması istiqamətində iş aparılır.