Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) cari ilin yanvar ayı üzrə hesabatını təqdim edib.
Oxu.Az-ın şirkətin Marketinq və İqtisadi Əlaqələr idarəsinə istinadən verdiyi məlumata görə, 2014-cü ilin yanvar ayı üzrə 78 min 106 ton həcmində dizel yanacağı ixrac olunub. İxrac olunan aviasiya benzininin həcmi isə 10 min 157 tona çatıb.
Təqdim olunan hesabatdan da göründüyü kimi, yanvar ayı üzrə şirkətdə avtomobil benzininin ixracı həyata keçirilməyib. Əvvəllər şirkətin məlumatlarında qeyd olunurdu ki, ölkə tarixində ilk dəfə olaraq, benzinin istehlak və istehsal həcmi bərabərləşib və bu səbəbdən də şirkət yanacağın, məhz bu növünün ixracından imtina etmək qərarına gəlib. Bununla yanaşı, Azərbaycanın Nazirlər Kabineti ölkədə benzin idxalı rüsumlarının ləğv edilməsini qərarlaşdırıb.
Qeyd edək ki, yanvar ayında dünya bazarında 1 ton avtomobil benzininin qiyməti 938,99 dollar, 1 ton aviasiya benzininin qiyməti 955,95 dollar, 1 ton dizel yanacağının qiyməti 903,01 dollar təşkil edib.
Mazutun qiyməti (1% kükürd) 594,81 dollara bərabər olub.
Gülnarə Zeynalova
www.oxu.az