Prezident İlham Əliyevin 21 fevral 2007-ci il tarixli sərəncamına əsasən, “Bakı - Tbilisi - Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsini Azərbaycan Respublikasının Dövlət Neft Fondu (SOFAZ) həyata keçirir.
Bu layihənin kreditləşmənin təşkili və bank xidmətinin həyata keçirilməsi üzrə agent bank “Azərbaycan Beynəlxalq Bankı” (ABB) seçilib, layihə üzrə səlahiyyətli orqan Nəqliyyat Nazirliyi müəyyən edilib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat SOFAZ-ın rəsmi saytında yerləşdirilib.
Məlumatda qeyd olunur ki, layihələrin maliyyələşdirilməsinə başlayandan etibarən 1 yanvar 2014-cü il tarixinə qədər SOFAZ tərəfindən Nəqliyyat Nazirliyinə ümumilikdə 464,1 milyon dollar, o cümlədən 2013-cü il üzrə 32,7 milyon dollar vəsait ayrılıb.
Bu vəsait ABB vasitəsilə “Marabda – Kartsaxi Dəmir Yolu” MMC-nin hesabına köçürülüb.
Məlumata görə, Qars-Axalkalaki yolu xəttinin ümumi uzunluğu 105 kilometrdir.
Qars-Axalkalaki yolu xəttinin uzunluğu 76 km olan Türkiyə hissəsinin inşası Türkiyə tərəfinin maliyyə vəsaiti hesabına həyata keçirilir.
Layihənin Gürcüstan ərazisinə düşən hissəsinin - 29 km uzunluğundakı Qars-Axalkalaki dəmir yolu xəttinin, habelə uzunluğu 160 km olan mövcud Axalkalaki-Marabda dəmir yolu xəttinin reabilitasiya-rekonstruksiyasının maliyyələşdirilməsi Azərbaycan tərəfindən aparılır.
Azərbaycan bu layihə üçün 775 milyon dollar iki tranş həyata keçirməklə vəsait ayırmalıdır.
Birinci tranş üzrə illik dərəcəsi 1% olmaqla uzadılma imkanı ilə 25 il müddətinə 200 milyon dollar, ikinci isə illik dərəcəsi 5% olmaqla uzadılma imkanı ilə 25 il müddətinə 575 milyon dollar nəzərdə tutulub.