"Dövlət büdcəsindəki əsaslı xərclər üzrə komponentlərdən ikisinin - işğaldan azad olunmuş ərazilərə ayrılan vəsaitin və dövlətəsaslı vəsait qoyuluşu xərclərinin ÜDM-ə təsiri daha əhəmiyyətlidir".
Oxu.Az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Sədr bildirib ki, növbəti ildə dövlət büdcəsinin əsaslı xərclərini təşkil edən iki əsas komponentin cəmi məbləği 6.2 mlrd. manat olmaqla proqnozlaşdırılıb:
"Büdcədə bu xərclərin 14.9% olması nəzərdə tutulub. Lakin qeyd edək ki, il ərzində büdcədə dəyişikliklər hesabına bu nisbət arta bilər. Dövlət büdcəsində əməyin ödənişi üzrə isə növbəti ildə xərclərin, təxminən, 25% təşkil edəcəyi gözlənilir.
Dövlətəsaslı vəsait qoyuluşu xərcləri hesabına növbəti ildə maliyyələşdirilməsi nəzərdə tutulan 194 layihənin ümumi dəyəri 17.7 mlrd. manatdır. Vəsait beş yeni, 189 keçid layihəsi üzrə nəzərdə tutulub. Bununla yanaşı, qeyd etmək lazımdır ki, ümumi dəyəri 2 mlrd. manat təşkil edən 100 layihənin 2026-cı ildə başa çatdırılması üçün 661.5 mln. manat vəsait proqnozlaşdırılıb.
Növbəti ildə dövlətəsaslı vəsait qoyuluşu xərclərinin bir hissəsi (850 mln. manat) beynəlxalq kreditor qurumların təqdim etdiyi kreditlər hesabına layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. Cari ilin doqquz ayında bu xərclərin icra səviyyəsi cəmi 13% təşkil edib və büdcənin icrasından əhəmiyyətli dərəcədə geri qalıb. Hesab edirik ki, müvafiq təşkilatların icra intizamının yüksəldilməsinə zərurət var".
Məhərrəm Əliyev