"Data mərkəzlərini yeni enerjinin mövcud olduğu ərazilərdə yerləşdirmək məntiqli olardı. Abşeron yarımadası buna yaxşı nümunədir. Burada külək, su və Günəş enerjisi var".
Oxu.Az xəbər verir ki, bunu Belçikanın sabiq baş naziri İv Leterme Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən "COP29-dan İqlim Həftəsinə: Yaşıl dünya üçün rəqəmsal fəaliyyət yolu" adlı sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, data mərkəzləri böyük həcmdə su və enerji istehlak edir və bu baxımdan onların yerləşdirilməsi zamanı müvafiq mənbələrin və elektrik şəbəkəsinin tutumu nəzərə alınmalıdır.
İ.Leterme qeyd edib ki, data mərkəzlərini yeni enerjinin mövcud olduğu ərazilərdə yerləşdirməklə bu problemin qarşısını almaq mümkündür.
Sabiq baş nazirin sözlərinə görə, dünyada qərarların qəbul edildiyi və məlumatlardan istifadə olunan əsas mərkəzlər çox vaxt böyük enerji potensialının olduğu yerlərdə yerləşmir:
"Belçika dünyada yeraltı enerji ehtiyatları olmayan nadir ölkələrdən biridir. Bununla belə, burada NATO-nun qərargahı, Avropa İttifaqı institutlarının baş qərargahları və digər qurumlar yerləşir".
İ.Leterme bildirib ki, 1 milyard dollar vəsaiti olsa, onu elektrik şəbəkələrinin gücləndirilməsinə yönəldərdi:
"Şəbəkələri, ən optimal həllin olmadığı bütün hallarda təkmilləşdirməyə və ən azı yeni enerjiyə böyük ehtiyac olan yerlərdə data mərkəzlərini yerləşdirməyə vəsait ayırardım".