Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İdman İdarəsində bir milyon manatlıq maliyyə pozuntusu: Nazirlikdən REAKSİYA
Gənclər və İdman Nazirliyi Bakı Şəhər Gənclər və İdman İdarəsində baş verən maliyyə pozuntuları ilə bağlı məsələyə münasibət bildirib.
Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən qanun pozuntuları Nazirliyin apardığı daxili nəzarət və monitorinq tədbirləri zamanı aşkarlanıb:
"Bakı Şəhər Gənclər və İdman İdarəsində bir sıra ciddi pozuntu halları müəyyən olunub. Aşkar edilən faktlara hüquqi qiymətin verilməsi üçün aidiyyəti sənədlər hüquq-mühafizə orqanlarına təqdim edilib. Qeyd olunan nöqsanlar 2007-2022-ci illəri əhatə edir".
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda cinayət işi üzrə zərərçəkən qismində tanınmış Gənclər və İdman Nazirliyinin hüquqi nümayəndəsi ifadə verərək bildirib ki, təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda keçirilmiş idman tədbirləri zamanı xərclər smetasını göstərmədən mükafatların verilməsi ilə bağlı arayışlar təqdim ediblər:
"Həmin arayışlarda məbləğlər göstərilməyib. Audit yoxlaması zamanı Maliyyə Nazirliyinin baş məsləhətçisi deyib ki, 52 yarış üzrə xərclər smetasında məlumat verilməyib. Bu yarışları keçirən zaman dövlət büdcəsindən kənar xərcləmələr olub. Ümumilikdə, Gənclər və İdman Nazirliyinə 871 min 255 manatdan çox zərər dəyib. Maliyyə yoxlaması zamanı məlum olub ki, təqsirləndirilən şəxslər ayrılan pulları yarışın qaliblərinə deyil, özlərinə götürüblər".
Növbəti şahid, sözügedən idarədə baş məsləhətçi vəzifəsində çalışan Samir Kərimov ifadə verib:
"Hər il tədbirlər planı olurdu. O planlar əsasında tədbirlər keçirmişik. Müəyyən qədər vəsait götürüb tədbirlərə xərcləmişik. Tədbirlərimiz çox olurdu. Tədbirlərdən sonra bankdan götürülən pulların təyinatı üzrə xərclənməsinə dair hesabat verirdim. Elə olurdu ki, tədbirlər planında nəzərdə tutulmayan tədbirlərimiz də olurdu. Planda nəzərdə tutulmayan tədbir məktub əsasında keçirilirdi. Bu tədbirlərə pullar ayrılmış vəsaitdən xərclənirdi. Bizim digər qurumlarla da tədbirlərimiz olurdu.
Növbəti proses iyulun 9-na təyin edilib.
Qeyd edək ki, adıçəkilən şəxslər bir milyon manata yaxın dövlət vəsaitini mənimsəmədə ittiham olunurlar.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
Onların barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
İş üzrə zərərçəkmiş qismində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tanınıb.
Elgün Həsənli
"Maliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Maliyyə Nazirliyinin vəsaitlərinin banklara təsiri: İqtisadçıdan mühüm açıqlama
- Dövlət büdcəsinin gəlirləri 20 milyard manata yaxınlaşıb
- Pambığın alqı-satqısı ilə bağlı sənədləşdirmə proseduru dəyişir
- Sahil Babayev: "Maliyyə Nazirliyində geniş islahatlara başlanılıb"
- "2700 manat təklif edib, bizi binadan çıxarmaq istəyirlər" - Bakıda dövlət adından söküntü aparılır?