Oğurluğa getdiyi evin sahibinin qonşusunu bıçaqlayaraq onun ölümünə səbəb olmaqda təqsirləndirilən Hüseyn Cəfərovun barəsindəki cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən son iclasda prokuror dövlət ittihamının müdafiəsi zamanı təqsirləndirilənin 11 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.
Müttəhimin vəkili məhkəməyə əlavə sübutların təqdim olunması üçün məhkəmədən vaxt istəyib.
Növbəti proses iyunun 18-nə təyin edilib.
Xatırladaq ki, 2025-ci ildə Sabunçu Rayon Prokurorluğu və Polis İdarəsinin əməkdaşlarının keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 11 il əvvəl, 2014-cü ilin noyabr ayında 1977-ci il təvəllüdlü Namiq Naib oğlu Hənifənin qəsdən öldürülməsi müəyyən olunub. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına əsasən, həyata keçirilən tədbirlərlə 1990-cı il təvəllüdlü Hüseyn Gülağa oğlu Cəfərovun ictimai-təhlükəli əməlin qarşısının alınması üzrə ictimai borcunu yerinə yetirən Namiq Hənifəyə bıçaqla xəsarətlər yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Hüseyn Cəfərov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilib. Müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sabunçu Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Onu da qeyd edək ki, mərhum Namiq Hənifə təqsirləndirilən Hüseyn Cəfərovun oğurluğa getdiyi evin sahibinin qonşusu olub. O, qonşunun həyətinə oğru girdiyini bilərək onu izləyərkən Hüseyn Cəfərovla üz-üzə gəlib. Bu zaman H.Cəfərov N.Hənifəyə bıçaq zərbələri endirib. Zərəçəkmiş hadisədən sonra xəstəxanada dünyasını dəyişib.
Elgün Həsənli