“ACT Azərbaycan” Bakı şəhərində 11-14 sentyabr tarixləri arasında 400 respondent arasında mütaliə ilə bağlı sorğu keçirib.
Oxu.Az xəbər verir ki, sorğuda iştirak edənlərin 47%-i son bir ildə bədii ədəbiyyat oxumadığını bildirib. Rəyi soruşulanların 15%-i bədii əsərləri ayda bir dəfə, 13%-i isə ildə bir dəfə oxuduqlarını bildiriblər.
63% respondent son bir ildə qeyri-ədəbiyyat oxumadığını bildirib. Hər gün mütaliə edənlər isə 14% təşkil edir.
17% respondent hər gün dini mövzularda kitablar oxuyur. 57% respondent isə son bir ildə, ümumiyyətlə, dini ədəbiyyatla maraqlanmayıb.
Sorğuda iştirak etmiş respondentlərin 31%-i detektiv janrda yazılan kitabları oxumağa üstünlük verir. Rəyi soruşulanların 24%-i məhəbbət, 22%-i isə tarixi romanları seçdiklərini bildiriblər.
Gənc (18-34 yaş aralığı) və ahıl (55 yaş və daha yüksək) nəslin nümayəndələri detektiv janrda yazılmış əsərləri daha çox bəyənir (müvafiq olaraq 35% və 30%). Orta nəslin nümayəndələri üçün (35-54 yaş aralığı) tarixi romanlar daha cəlbedicidir.
Son bir ildə mütaliə edənlərin 55%-i Azərbaycan ədəbiyyatını, 24%-i Azərbaycan dilinə tərcümə olunmuş xarici ədəbiyyatı, 18%-i isə rus dilinə tərcümə olunmuş ədəbiyyatı oxuduqlarını bildiriblər. Əsərləri orijinal dildən mütaliə edənlərin faizi 21-ə bərabərdir.
Xarici ədəbiyyat sevənlər rus (63%), ingilis (23%), türk (7%), ərəb (5%) və ispan (1%) müəlliflərinin əsərlərini oxumağa üstünlük verirlər.
Əcnəbi əsərlərin Azərbaycan dilinə tərcüməsindən razı qalanlar sorğuda 31% səs toplayıb. Narazılar isə 16%-ə bərabərdir.
Əsərləri elektron formatda oxuyanlar sorğuda 36% nəticə göstərib. Bu göstəricinin 51%-ni 18-34 yaş aralığında olan oxucular təşkil edib. Mütaliənin ənənəvi formasına - kitablara sadiq qalanlar isə 83% təşkil edib.
A.S.
www.oxu.az