Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov İsmayıllı rayonunda “Opel Zafira” və “Prado” markalı avtomobillərin toqquşması nəticəsində 7 nəfərin ölümü ilə nəticələnən qəzadan danışıb.
Oxu.Az xəbər verir ki, Ə.Hüseynov bildirib ki, iki minik avtomobilinin toqquşduğu qəzada 7 nəfərin ölməsi çox ağırdır, bu, avtobus və qatar qəzasına xas itkidir.
Ekspert ehtimal edib ki, “Opel Zafira”-nın sürücü qaydaları pozub.
O, ümumi təsəvvürlərini qeyd edib: “1. Qəzada ölənlərin olduğu avtomobil 7 sərnişin yerlik minivendir. Hamı bilir ki, bunların əksəriyyətini “xalturşiklər” (sərnişindaşıma ilə məşğul olan şəxs) sürülər. Ölən sürücünün ruhunu incitmədən, öz müşahidələrimə əsasən, deyirəm ki, rayonlararası sərnişin daşıyan bu avtomobillərin sürücülərinin əksəriyyəti heç bir qayda-filan tanımır. Ölkəmizin ən təhlükəli sürücüləri sırasındadırlar.
2. Avtomobil özü də təhlükəsizlik baxımından zəifdir. Onlar daha diqqətlə, daha təhlükəsiz idarə edilməlidir. O avtomobillərlə sərt manevrlər həmişə təhlükəlidir.
3. Hadisədə iştirak edən ikinci avtomobil də, adətən, təhlükəli sürücüləri ilə xarakterizə olunur. Beləsinin nömrəsi "A" hərfi ilə başlayırsa, özünüzü həmişə ondan qoruyun.
4. Hadisənin baş verdiyi yer ikizolaqlı yoldur, döngələri və məhdud görünən yerləri var. Belə yolda ötmə mümkün olmur. Ona görə daha diqqətli olmaq lazımdır, çünki həmişə intensiv hərəkət var, xırda səhv etsən, üz-üzə toqquşacaqsan.
5. Hələ də sürüclərimiz sürətin nə olduğunu bilmirlər və bilmək də istəmirlər. Nəticədən aydındır ki, qəzada yüksək sürət olub. Sürət, doğrudan da, yalnız ömrü qısaldır, yol isə yarımçıq qalır...”
E.Ə.
www.oxu.az