Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışında Masallı rayonunun Ərkivan qəsəbəsinə səfər edilib.
Rəsmi statistikaya görə, Ərkivanda 18 mindən çox insan yaşayır. Masallı şəhərindən cəmi 2-3 kilometr məsafədə yerləşən qəsəbə qədim tarixi, zəngin adət-ənənələri və sənətkarlığı ilə seçilir.
Ərkivanda nəsildən-nəslə ötürülən sənətlərdən biri də sandıqçılıqdır.
Qəsəbə sakini Seyfəddin Əzizov ata-babalarından miras qalan bu sənəti davam etdirir. O, həm ənənəvi, həm də müasir üslubda sandıqlar hazırlayır. Ustanın sözlərinə görə, bu sənət səbir və zəhmət tələb etsə də, sifarişlər almağa davam edir və dolanışığını bu iş hesabına təmin edir.
Qəsəbənin mədəni irsinin mühüm hissələrindən biri də Göllü məscididir. XIX əsrdə yerli əhalinin iştirakı ilə inşa edilən məscid üç məhəllənin sakinlərinə xidmət edib. Yerli sakinlər bu gün də həmin məkanı dini və mənəvi dəyərlərin qorunduğu yerlərdən biri hesab edirlər.
Ərkivanın tarixi ilə bağlı diqqətçəkən məkanlardan biri də Şeyx Səfi ocağıdır. Yerli rəvayətlərə və tarixi məlumatlara görə, Şeyx Səfiəddin burada yaşayıb. Şah İsmayılın da XVI əsrdə bu məkanı ziyarət etdiyi bildirilir.
Qəsəbə sakinlərindən Həmid Məmmədovun evində isə XVIII əsrin sonlarına aid olduğu ehtimal edilən "Tarixi-Nadir" kitabı qorunub saxlanılır. Təxminən 147 səhifədən ibarət olan əsər uzun illərdir ailənin mülkiyyətindədir. Kitabın mürəkkəb fars dilində yazılması onun oxunmasını və tərcüməsini çətinləşdirir.