Hindistan “Aditya-L1” avtomatik Günəş stansiyasının uğurlu buraxılışını həyata keçirib. Bu, Nyu-Delhi tərəfindən təşkil edilən ilk genişmiqyaslı ekspedisiyadır.
Buraxılış Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) saytında canlı yayımlanıb.
Göyərtəsində stansiya olan “PSLV C57” (“Polar Satellite Launch Vehicle”) daşıyıcı raketi Benqal körfəzindəki Şriharikota adasındakı milli kosmodromdan buraxılıb.
Planlaşdırılır ki, qurğu Yerdən təxminən 1,5 milyon km məsafədə Günəş-Yer sisteminin Laqranj nöqtəsi (L1 nöqtəsi) regionunda haloorbitə buraxılacaq. Oraya çatmaq üçün cihaza 125 gün lazımdır. Bu nöqtədə avtomatik stansiya Yerə və Günəşə nisbətdə hərəkətsiz qalacaq. Bu yerdə heç vaxt Günəş tutulması baş vermir, həmçinin işığı sərbəst şəkildə müşahidə etmək və onun şüalanmasını qeydə almaq mümkündür. Bundan əlavə, cihaz Yerin maqnit sahəsindən uzaqda olacaq, bunun sayəsində ölçmələrdə hər hansı bir problem olmayacaq.
Stansiya müxtəlif Günəş parametrlərini öyrənmək üçün yeddi tədqiqat sistemi ilə təchiz olunub. O, ulduzdan gələn hissəciklərin axınını araşdıracaq, maqnit sahəsini ölçəcək, Günəş tacını və tac kütləsinin atılma dinamikasını öyrənəcək. Stansiya, həmçinin, Günəşin fotosferini, xromosferini tədqiq edəcək və Günəş radiasiyasında dalğalanmaları ölçəcək.
Alınan bütün məlumatlar Yerə göndəriləcək, məlumat axınının əhəmiyyətli olacağı gözlənilir.
ISRO-nun məlumatına görə, stansiyanın görünən emissiya xətti koronoqrafı (VELC) analiz üçün yerüstü stansiyaya gündə təxminən 1 440 şəkil göndərəcək. Cihazın kosmosda beş il işləyəcəyi nəzərdə tutulur.
“Aditya-L1” layihəsi Hindistanın bu il ikinci yüksəktexnologiyalı kosmik kəşfiyyat missiyası olacaq. Avqustun 23-də ISRO Yerin cənub qütbündəki peykinə “Çandrayaan-3” missiyalı eniş aparatının yumşaq enişini həyata keçirib. Bundan təqribən bir həftə sonra rover Aydan alimləri xeyli təəccübləndirən ilk məlumatları ötürüb.
Mənbə: TASS