Motosikletlə dünya səyahətinə çıxan turistlər Cəlilabadda olublar.
Oxu.Az-ın Xezerxeber.az-a istinadla verdiyi məlumata görə, ixtisasca memar olan Ido De Conq səyahətə 4 həftə əvvəl, Hollandiyadan həyat yoldaşı ilə birlikdə başlayıb. Onlar 4 gündür ki, Azərbaycandadırlar.
Cütlük qısa müddət ərzində ölkənin relyefi və milli yeməkləri barədə xeyli məlumat toplayıblar. Onların daha çox diqqətini çəkən əhalinin öz milli irsinə daha çox bağlı olması və qonaqlarla səmimi davranmalarıdır.
Turistlər bildiriblər ki, digər ölkələrdən fərqli olaraq, burada yol boyu kəndlilərdən aldıqları ərzaq müqabilində pul xərcləməyiblər. İndiyə kimi 13 ölkədən keçən cütlük gün ərzində 350-400 kilometr yol qət edir.
Əksər səyyahlardan fəqli olaraq, onlar hotellərdə qalmağa üstünlük verirlər. Hollandiyalı cütlük səyahəti avqust ayında Yaponiyada başa vurmağı planlaşdırır.
A.S.
www.oxu.az