Daxili İşlər Nazirliyi Milli Televiziya və Radio Şurasının (MTRŞ) hüquqşünasının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, iyunun 3-də saat 18 radələrində Xətai rayonu Zığ yolu küçəsində Bakı şəhər sakini Toğrul Mirzəzadə idarə etdiyi “Harley-Devidson” markalı motosikleti qarşıda gedən paytaxt sakini Nəriman Nəciyevin idarə etdiyi “QAZel” markalı avtomobilə vurub, nəticədə T.Mirzəzadə hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
03.06.2017 (23:30)
Bu gün motosikleti ilə dəhşətli qəzaya düşən Vəkillər Kollegiyasının üzvü Toğrul Mirzəzadə hadisə yerində keçinib.
Oxu.Az-ın məlumatına görə, Milli Televiziya və Radio Şurasının hüquq şöbəsinin əməkdaşı olan vəkilin sosial şəbəkələrdə paylaşdığı fotolardan onun uzun zamandır motosiklet həvəskarı olduğu bəlli olub.
Toğrul Mirzəzadə hətta ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin təşkilatşısı olduğu Moto Festivallarda iştirak edib və motoyürüşlərə qatılıb.
Allah rəhmət eləsin.
Toğrul Mirzəzadənin sevimli nəqliyyat növü ilə şəkillərini təqdim edirik:
20:04
Xətai rayonu Zığ dairəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın APA TV-yə istinadən verdiyi məlumata görə, tanınmış vəkil, Milli Televiziya və Radio Şurasının hüquq şöbəsinin əməkdaşı Toğrul Mirzəzadə 10-A-919 dövlət nömrə nişanlı motosikletlə hərəkətdə olan zaman idarəetməni itirib.
Motosiklet hərəkətdə olan 90 FL 361 dövlət nömrə nişanlı “Qazel” markalı yük maşınına çırpılıb. Qəza nəticəsində vəkil Toğrul Mirzəzadə dünyasını dəyişib.
Hadisə şahidləri APA TV-yə açıqlamasında motosiklet sürücüsünün başında qoruyucu dəbilqə olduğunu deyiblər. Yerdə qalmış motosikletin sürücüsünə kömək etmək istəsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.
“Qazel”in sürücüsü baş verən qəzada günahı olmadığını deyib: “Mən sola dönürdüm, məni vurub getdi”.
Motosiklet zərbədən qəza baş verən yerdən təxminən 30 metr kənara düşüb. Qəzaya uğrayan şəxsin vəkil Toğrul Mirzəzadə olduğunu hadisə yerində olan BDYPİ əməkdaşları deyiblər. Onlar bildiriblər ki, qəzada ölən sürücünün sağ qoltuq cibində Vəkillər Kollegiyasının üzvlük vəsiqəsi aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Z.Q.
www.oxu.az