Azərbaycan Demokratik Partiyasının sədri, ixtisasca həkim Sərdar Cəlaloğlunun iddia etdiyinə görə, o alim Albert Eynşteynin nisbilik nəzəriyyəsində səhv tapıb.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, o, Eynşteynin nisbilik nəzəriyyəsinin bəzi “çatışmazlıqları”nı üzə çıxarır:
“Kainatın Allah tərəfindən yaradılması məsələsinə ən yaxın olan Eynşteyn olsa da, sonradan ondan yayınıb. Buna səbəb də onun Aristotel məntiqi ilə düşünməyi idi. Fəlsəfi qanunlar əsasında Eynşteynin fəlsəfi qanunlar nəzəriyyəsini tənqid etdim.
Oradakı səhv olan məqamları nəzərə alandan sonra özümün Mütləqilik nəzəriyyəmi ortaya qoydum. Zaman və məkan bir-birini şərtləndirməyəndə tamamilə fərqli ölçülər sistemi əmələ gəlir. Eynşteynin də nisbilik nəzəriyyəsində var ki, işıq sürəti yarım sürətlə hərəkət zamanı bir dəqiqə kosmik sürətlə hərəkətin 1000 ilinə bərabərdir.
Mən bu ölçülər sisteminin yanlışlığını kifayət qədər elmi əsaslarla inkar etdim. Fizikanın üç əsas qanunlarından kinematika yəni hərəkətin trayektoriyası, dinamika – Nyuton fizikası və astrofizikanı qarşılıqlı şəkildə əlaqələndirərək elmi əsaslarla metafizikadan kosmosa keçidin prinsiplərini ortaya qoydum. İdeyanın materiyaya çevrilməsinin sirrini dedim.
Bunu Elmlər Akademiyasının prezidenti Akif Əlizadəyə şəxsən özüm təqdim etmişəm. Bundan başqa, onu Müəlliflik Hüquqları Agentliyinə təqdim edib müəlliflik şəhadətnaməsi almışam. Həm də İranda Nobelə alternativ olan Mustafa mükafatına təqdim etmişəm. Hələ ki, bir cavab almamışam”.