Yay aylarının kəskin istisində düzgün qida seçimi bədənin termorequlyasiyasına (ətraf mühitdəki istilik dəyişikliklərinə baxmayaraq, daxili bədən hərarətini normal və sabit sərhədlərdə saxlamaq qabiliyyəti) birbaşa təsir göstərir. Bu, daxili hərarəti tənzimləməklə yanaşı, istilik hissinin qarşısını almağa da kömək edir.
Oxu.Az xəbər verir ki, mövzu ilə bağlı "İzvestiya" nəşrinə açıqlama verən nutrisioloq və fizioloq Nina Duvanova bildirib ki, qidalar maddələr mübadiləsinə göstərdiyi təsirə görə şərti olaraq "isidici" və "sərinlədici" növlərə ayrılır.
Mütəxəssis qeyd edib ki, tərkibində yüksək miqdarda su olan meyvə və tərəvəzlər - xiyar, qabaq, tsukkini, brokoli, ispanaq, cəfəri, eləcə də qarpız, yemiş, armud, alma və müxtəlif giləmeyvələr bədəni sərinlətməyə kömək edir. "Onların göstərdiyi təsir kimyəvi deyil, hüceyrə səviyyəsində orqanik şəkildə baş verir", - deyə Duvanova vurğulayıb. Fizioloq, həmçinin soyuq reseptorlarını aktivləşdirən nanənin yay üçün xüsusilə faydalı olduğunu bildirib.
Ekspert diqqətə çatdırıb ki, həddindən artıq buzlu və çox soyuq içkilər bədənin daxili yüklənməsini daha da artıra bilər. Həmçinin, banan, ananas, portağal, soğan, sarımsaq, kartof, bal, balqabaq və kəskin ədviyyatlar "isidici" təsirə malik olduğundan, isti havalarda onların istehlakı məhdudlaşdırılmalıdır.
Duvanova xəbərdarlıq edib ki, hətta ən faydalı qidalar belə ölçülü qəbul olunmalıdır. Meyvə və giləmeyvələrin normadan artıq istehlakı həzm sisteminin fəaliyyətini poza və susuzlaşmaya (dehidrasiya) səbəb ola bilər. Enerji balansını qorumaq üçün yay pəhrizinə meyvə-tərəvəzlə yanaşı, mürəkkəb karbohidratlar, sağlam yağlar və zülallar da daxil edilməlidir. Qida məhsullarının düzgün uyğunlaşdırılması bədənin yüklənməsini azaldır və yüksək temperatura daha rahat dözməyə yardımçı olur.