Londonun Ali Məhkəməsi "Şimal axını" qaz kəmərlərinin operatoru olan "Nord Stream AG" şirkətinin partlayışlarla bağlı təqdim etdiyi sığorta kompensasiyası tələbini təmin etməyib.
Oxu.Az xəbər verir ki, bu barədə məhkəmənin qərarında bildirilir.
Məhkəmə qənaətə gəlib ki, qaz kəmərlərinə dəyən zərər "birbaşa və ya dolayısı ilə münaqişə nəticəsində yaranıb və ya onunla əlaqəlidir". Buna görə də sözügedən zərər sığorta müqaviləsinin müvafiq bəndlərinə əsasən, sığorta təminatı çərçivəsinə daxil deyil.
Qərarda vurğulanır ki, sığorta polisinin 2-ci bəndi yalnız müəyyən əmlaka şamil edilir və bu bölmə silahlı münaqişə nəticəsində birbaşa və ya dolayısı ilə baş vermiş itki və zərərləri əhatə etmir.
Xatırladaq ki, "Şimal axını" və "Şimal axını-2" qaz kəmərləri 2022-ci ilin sentyabrında baş vermiş partlayışlar nəticəsində zədələnib. Dörd kəmər xəttindən üçü tamamilə yararsız hala düşüb, istismara verilməmiş "Şimal axını-2"nin isə yalnız bir xətti salamat qalıb.
Hadisə ilə bağlı araşdırmanı Almaniya, Danimarka və İsveç aparıb. 2024-cü ildə Danimarka və İsveç öz araşdırmalarını dayandıraraq topladıqları materialları tam şəkildə Almaniyaya təhvil veriblər.