Azərbaycan mədəniyyəti böyük itki ilə üzləşib. 73 yaşlı Əməkdar artist, tanınmış aktyor Vahid Əliyev dünyasını dəyişib.
Mərhumun ölüm xəbərini eşidən sənət yoldaşları acılarını bölüşmək üçün sənətkarın evinə üz tutublar.
Aktyor Ədalət Əbdülsəməd Əməkdar artistin vəfatı ilə bağlı hisslərini bölüşüb:
"Bu, bizim üçün çox kədərli gündür. Teatrımızın aktyoru, respublikanın Əməkdar artisti, hamımızın dostu və sənət yoldaşımız Vahid Əliyev dünyasını dəyişib. Hamımız birlikdə məşqdə idik. Bu xəbəri teatrda eşitdik və çox sarsıldıq. Tez bir zamanda özümüzü bura çatdırdıq".
Aktyor Anar Seyfullayev də öz kədərini ifadə edib:
"Allah Vahid müəllimə rəhmət eləsin. O bizim həmkarımız, ağsaqqalımız idi. Çox üzülürük. Ailəsinə səbir diləyirik. Ruhu şad olsun. Allah rəhmət eləsin".
Aktyor Rəşad Səfərov isə mərhum sənətkarın şeirə olan sevgisindən söz açıb:
"Allah rəhmət eləsin, çox gözəl sənətkar idi. Böyüklə böyük, kiçiklə kiçik kimi davranırdı. Poeziyanı çox sevirdi. Bir dəfə metroda rastlaşdıq, "Sahil" stansiyasına qədər söhbət etdik. Ürəyi dolu insan idi, çox gözəl şeirlər yazırdı. Azərbaycan kinosənəti böyük itki verdi. Allah rəhmət eləsin".
Daha ətraflı Baku TV-nin videomaterialında:
Əməkdar artist Vahid Əliyev Badamdar qəbiristanlığında dəfn ediləcək.
Bu barədə Oxu.Az-a mərhumun oğlu Ramin Əliyev məlumat verib.
O bildirib ki, Vahid Əliyevlə vida mərasimi sabah saat 13:00-da yaşadığı General Əliağa Şıxlinski küçəsi, 25 ünvanında keçiriləcək.
Aygün Mirakif
Əməkdar artist Vahid Əliyev vəfat edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf məlumat verib.
O qeyd edib ki, Vahid Əliyev uzun sürən xəstəlikdən sonra bu gün axşam saatlarında dünyasını dəyişib.