22 oktyabrda Üzeyir Hacıbeylinin ev muzeyində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gənc musiqişünas Humay Fərəcovanın “Musiqiçi rəssamlar” adlı fərdi layihəsində rəsmlərdən ibarət kataloqun və gənc rəssamların rəsmlərindən ibarət sərgi baş tutub.
Muzeydən Oxu.Az-a bildirilib ki, layihənin əsas məqsədi musiqiçi olaraq rəssamlığı və ya rəssam olaraq musiqini özü üçün hobbi və ilham mənbəyi kimi seçən 20-yə yaxın görkəmli Azərbaycan bəstəkarı, ifaçı, eləcə də, gənc musiqiçilərin rəssamlıq sahəsində olan istedad və bacarıqlarını ictimaiyyətə çatdırmaqdır.
Bu məqsədlə “Musiqiçi rəssamlar” adlı kataloq çap olunub ki, həmin kataloqun təqdimatı Üzeyir bəy Hacıbəylinin ev muzeyinin sərgi salonunda keçirilib. Təqdimat rəsmi və musiqili hissədən ibarət olub.
Tədbirdə Ü.Hacıbəylinin ev muzeyinin direktoru Sərdar Fərəcov açılış etdikdən sonra layihə rəhbəri layihə haqqında tamaşaçılara və qonaqlara məlumat verib.
Musiqili hissədə Bakı Musiqi Akademiyasının ifaçılıq fakültəsinin I kurs tələbəsi Əliyev Elyar və musiqiçi-rəssam Hüseyn Əliyev fortepianoda çıxış edib. Qeyd edək ki, Hüseyn Əliyevin ifasının fonunda rəssam Elturan Avalov kiçik bir rəsmlə musiqi ilə rəssamlığın vəhdətinin əyani sübutunu tamaşaçılara göstərdi.
Tədbirdə qonaq qismində gənc musiqiçi rəssamlar və dünyasının dəyişmiş musiqiçilərimizin qohumları olan dirijor Kazım Əliverdibəyov (Üzeyir Hacıbəylinin dayısı oğlu və musiqiçi-mühəndis Ağalar bəy Əliverdibəyovun oğlu), Ülviyyə Hacıbəyova (bəstəkar İsmayıl Hacıbəyovun yoldaşı), eləcə də, Milli Konservatoriyanın Musiqinin Tarixi və Nəzəriyyəsi kafedrasının müdiri Akif Quliyev, İctimai elmlər kafedrasının müdiri Firudin Qurbansoy, Həmkarlar ittifaqının sədri Hicran Hacızadə və başqaları da iştirak ediblər.
Sonda iştirakçılara rəsmlərdən ibarət kataloq paylanılıb.
A.S.
www.oxu.az