Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Ən yaxşı aktrisa” nominasiyasındakı mükafatına Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktrisası Gültac Əlili layiq görülmüşdür.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, “Buta Palace”da keçirilmiş təntənəli mərasimdə aktrisanın bu mükafatla təltif edilməsi teatr kollektivinin də böyük sevincinə səbəb olmuşdur.
Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Gültac Əlili Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyorluğu fakültəsində təhsil almışdır. 2007-ci ildə hələ tələbə ikən Azərbaycan Dövlət Musiqili Teatrına aktrisa kimi dəvət almışdır.
Gözəl vokal səsə və səhnə mədəniyyətinə malik aktrisa Nərgiz (R.Hacıyev, F.Zöhrabov, E.Ocaqov “Talelər qovuşanda”), Xəyalə (O.Rəcəbov, A.Babayev “Şeytanın yubileyi”), Leyla (R.Mirişli, M.Haqverdiyev “Qısqanc ürəklər”), Reyhan (R.Mirişli, M.Haqverdiyev “Amerikalı kürəkən”), Qonşu qız (S.Ələsgərov, Ş.Qurbanov “Milyonçunun dilənçi oğlu”), Gülnar (F.Sücəddinov, T.Vəliyeva “Mən dəyərəm min cavana”), Zari (İmre Kalman “İddialı qaraçı”), Çiçək (İ.Məlikzadə, S.Ələsgərov “Kələkbazlar”), Əsmər (O.Rəcəbov, A.Babayev “Əlin cibində olsun”), Bahar (Ə.Haqverdiyev “Kimdir müqəssir”) və digər əsas rolları oynamışdır.
Gültac Əlilinin son yaradıcılıq işi olan “Kimdir müqəssir” tamaşasındakı Bahar aktrisanın ən uğurlu işləri sırasındadır.
Bu obraz Gültac Əlilinin bütün aktyorluq imkanlarını üzə çıxarmış, teatr mütəxəssisləri və KİV tərəfindən yüksək qiymətləndirilmişdir. Gənc sənətçi məhz bu roluna görə “İlin ən yaxşı aktrisası” mükafatına layiq görülmüşdür.
Gültac Əlili teatrda aktrisa kimi yaradıcılıq fəaliyyətini davam etdirir, yeni-yeni obrazlar üzərində işləyir.