Özbəkistandakı səfirliyimizin və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Özbəkistan Milli Elmlər Akademiyasının Dövlət Tarix Muzeyində “Azərbaycan Qafqazın dürdanəsi” pavilyonunun açılışı olub.
Oxu.Az bu barədə AZƏRTAC-a istinadla xəbər verir.
Mərasimdə səfirliyimizin və Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın elm, təhsil, ədəbiyyat, incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri, Daşkənddə yaşayan azərbaycanlılar, jurnalistlər iştirak ediblər.
İştirakçılara milli mədəni irsimizə dair müxtəlif bölmələrdə nümayiş etdirilən eksponatlar haqqında məlumat verilib.
Pavilyonda ölkəmizin tarixi, dövlətçilik ənənələri, Azərbaycanın qədim xəritələri, müxtəlif regionlarında ipəkdən və yundan hazırlanan xalçalar, tarixi abidələrimiz əsasında hazırlanmış maketlər, müxtəlif milli musiqi alətləri - tar, saz, nağara, balaban, zurna və s. nümayiş etdirilib. Həmçinin burada Azərbaycanın Qarabağ bölgəsinin milli qadın və kişi geyimləri, habelə ölkəmizin qədim tarixinə dair bir sıra muzey eksponatları göstərilib.
Guşədə Azərbaycanın bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlarla bağlı kitablar, Heydər Əliyev Fondunun “Qarabağ həqiqətləri” seriyasından rus və ingilis dillərində nəşrlər, AMM-in layihəsi ilə özbək dilində son zamanlar çap olunan kitablar, habelə ölkəmizin turizm potensialına dair videoçarx nümayiş etdirilib.
Pavilyonda nümayiş etdirilən qədim Azərbaycan kəndlisinin ənənəvi evi iştirakçıların marağına səbəb olub.
“Azərbaycan Qafqazın dürdanəsi” sərgisi bu il dekabrın 31-dək davam edəcək və yekunda ölkəmizin tarixinə və mədəniyyətinə dair bir neçə eksponat muzeyə bağışlanacaq.
Sonda iştirakçılar Azərbaycan milli şirniyyatlarına qonaq edilib.
Mərasimdə AMM nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa edib, milli mahnılarımız səslənib.
A.S.
www.oxu.az