“Şəki və onun tarixi hissəsi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi məsələsi müzakirə olunub.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, nazir müavini Sevda Məmmədəliyeva UNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında iştirak etmək üçün Parisə səfər edib.
Səfər çərçivəsində S.Məmmədəliyeva “Şəki və onun tarixi hissəsi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün Dünya İrs Komitəsinə üzv ölkələrlə danışıqlar aparıb.
Görüşdə komitə üzvləri tərəfindən Azərbaycanın komitədə üzv kimi fəaliyyətinin mədəni irsin həm ölkə səviyyəsində, həm də beynəlxalq səviyyədə qorunmasının bariz göstəricisi olduğu bildirilib.
Görüş zamanı S.Məmmədəliyeva üzv ölkələrin diqqətinə çatdırıb ki, “Şəki və onun tarixi hissəsi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün Azərbaycan tərəfindən hazırlanan sənədlər toplusu peşəkarlar hazırlayıb və bu sənədlər tələb olunan kriteriyaları özündə ehtiva edir.
Tövsiyə olunub ki, Azərbaycan tərəfi digər ölkələrin bu istiqamətdə təcrübəsini nəzərdən keçirsin və gələcəkdə ortaya çıxacaq suallara əvvəlcədən hazırlığı təmin etsin.
Qeyd edək ki, hazırda İçərişəhər memarlıq kompleksi və Qobustan dövlət tarixi-bədii qoruğu UNESKO-nun Ümumdünya İrs Siyahısında yer alır.
A.S.
www.oxu.az