Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Şərqdə ilk opera yazan qadın bəstəkar, Azərbaycanın Xalq artisti Şəfiqə Axundovanın həyat və yaradıcılığına həsr olunub.
Bəstəkar və müğənni Arif Səlimov verilişdə Şəfiqə Axundova ilə bağlı xatirələrini bölüşüb.
"Mənə deyirdi ki, Səməd Vurğunun "Aygün" poeması ona həsr olunub. Deyirdi ki, mən də istəməzdim ailəm dağılsın, bir körpə ilə qucaqda qalım, amma belə oldu. Mən düşünürəm, bu ailə ona görə dağılıb ki, Şəfiqə xanım bir operanı ərsəyə gətirmək üçün ömrünün beş ilini verirdi".
Arif Səlimov Şəfiqə Axundovanın övladı ilə bağlı yaşadığı dərin ağrıdan da danışıb. O, sənətkarın dilindən eşitdiyi bir arzunu belə xatırlayıb:
"Belə bir dua eşidirdim onun dilindən. Bir az kövrəldici də ola bilər. O deyirdi ki, Allah Talehi məndən əvvəl bu dünyadan alsın".
Xalq artisti Gülyanaq Məmmədova isə Şəfiqə Axundovanın oğlu ilə bağlı yaşadığı ağır sarsıntılardan danışıb:
"Həqiqətən, çətindir. Bir ananı yuxuya verib evindən balasının tabutunu çıxartmaq çox çətindir, ağrılıdır. O, balasına nə qədər layla çaldısa, o laylalar övladını böyütdü, amma balası xoşbəxt olmadı. Heç vaxt onun sağlığı ilə fəxr edə bilmədi. Ona görə də oğlu onun ən dərin ağrısı idi. Şəfiqə xanımın gözünün yaşlarını ancaq biz görürdük. Heç kimin yanında ağlayıb-sızlamazdı. Özünü həmişə tox tutardı. Amma sadəcə bizim yanımızda oğlunun dərdini bölüşərdi".