Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Xalq artisti Hacı İsmayılovun DOĞUM GÜNÜDÜR
Bu gün Respublikanın Xalq artisti Hacı İsmayılovun doğum günüdür.
Oxu.Az xəbər verir ki, Hacı Məcid oğlu İsmayılov 1944-cü il yanvarın 22-də Bakı şəhərində anadan olub. 190 nömrəli orta məktəbdə təhsil alıb.
1963-cü ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub.
1968-ci ildə Sumqayıt Dövlət Dram Teatrında işləməyə dəvət alan Hacı İsmayılov burada M.F.Axundovun "Müsyö Jordan və dərviş Məstəlişah" komediyasında "Məstəlişah", C.Patrikin "Qəribə missis Səvic" dramında "Ceffi", A.Papayanın "Bəli, dünya dəyişib" komediyasında "Səməndər", C.Cabbarlının "Sevil" pyesinin tamaşasında "Məmmədəli bəy" rollarında çıxış edib.
H.İsmayılov 1970-ci ildən Akademik Milli Dram Teatrında çalışmağa başlayıb.
Aktyor "Azərbaycanfilm" kinostudiyasında ilk dəfə "Ad günü" filmində "Mustafa" rolunda çəkilib və bu rolla böyük uğur qazandığı üçün 1980-cı ildə Respublikanın Dövlət mükafatı laureatı adına layiq görülüb.
Bundan sonra "Bağlı qapı arxasında" ("Alik"), "Yol hadisəsi" ("Mürşüd"), "Ölsəm, bağışla" ("Tağı"), "Fəryad" ("Rövşən"), "Bəyin oğurlanması" ("Tağı"), "Özgə həyat" ("Qasımov") filmlərində müxtəlif xarakterli rollara çəkilib.
Hacı İsmayılovun ən sevilən obrazlarından biri də, 1995-ci ildə Rasim Ocaqov tərəfindən çəkilən "Həm ziyarət, həm ticarət" filmində yaratdığı "Mustafa müəllim" olub.
Azərbaycan Dövlət Televiziyasında hazırlanan V.Səmədoğlunun "Yaşıl eynəkli adam" ("Qafar"), M.Süleymanlının "Fatehlərin divanı" ("Qazi"), Ü.Hacıbəyovun "Ordan-burdan" ("Qoçu Gülbala"), İ.Əfəndiyevin "Atayevlər ailəsində" ("Xurşid"), A.Məmmədovun "Kişilər" ("Səməndər"), A.Babayevin "Nekroloq" ("Fərəc") və s. tamaşalarda dramatik və tipik obrazlar yaradıb.
Teatr və kino sahəsində qazandığı nailiyyətlərə görə, Hacı İsmayılov 17 may 1989-cu ildə "Azərbaycan Respublikasının Əməkdar artisti", 19 dekabr 2000-ci ildə isə "Xalq artisti" fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür.
2024-cü iyulun 22-dən Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinə sədrlik edir.
Rəylər