"Ümumi hərəkətlər var, lakin hər dirijor bunu özünəməxsus şəkildə göstərir. Mən Niyazinin orkestrində ifa etməmişəm, amma danışırlar ki, o vaxtlar Niyazi səhnəyə çıxanda artıq orkestri təkcə baxışı ilə idarə edirdi".
Oxu.Az xəbər verir ki, bunu Qara Qarayev adına Dövlət Kamera Orkestrinin keçmiş bədii rəhbəri, Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru, Xalq artisti, dirijor Teymur Göyçayevin APA-ya müsahibəsi zamanı deyib:
"İndi isə hərdən baxıram, ifaçı səhnədə uzanır. Axı sən səhnədəsən, hörmətsizlik etmək olmaz. Hazırda bütün sahələrdə mədəniyyətin səviyyəsi aşağı düşüb, eləcə də səhnə mədəniyyəti sahəsində. Mən çalışıram ki, buradakı uşaqları indidən səhnəyə düzgün şəkildə hazırlayım. Mən buraya gələndə orkestr Sədərək bazarını xatırladırdı, amma yavaş-yavaş hər şeyi qaydaya salmağa başladım".