Oxu.Az-ın suallarına 1 saylı Respublika Psixiatriya Xəstəxanasının psixoloqu İlahə Dadaşova cavab verir.
- Depressiya nədir?
- Depressiya sadə görünsə də beyində dərin izlər buraxan psixoloji və psixiatrik xəstəlikdir. 3-6 aydan artıq depressiyada olan insanı biz artıq psixiatra yönləndiririk. Ümumiyyətlə, depressiyanın simptomları hansılardır: maraqların ölməsi, enerjinin tükənməsi və əhval-ruhiyyənin aşağı olması, çox yatmaq, normaldan artıq yemək. Bu simptomlar keçici deyil, 2 həftə davam etdiyi halda o adama depressiya diaqnozu qoymaq olar.

- Ümumi depressiya və fəsil depressiyasının fərqi varmı?
- Əlamətlər eynidir. Demək olar ki, fərq yoxdur. Fəsil depressiyası əslində insanın hansısa mövsümə həssas olmasıdır. Həmin mövsüm gəldikdə bu həssaslıq üzə çıxır. Amma bu, iki cür olur. Məsələn, hansısa mövsümü sevirik, bir mövsümün isə gəlməsini ümumiyyətlə, gözləmirik. Və belə olan halda o mövsüm yaxınlaşdıqca, əhval-ruhiyyə başlayır enməyə, mövsümün daxilində depressiya özünü tam olaraq büruzə verir.
- Fəsil depressiyasına hansı yaş kateqoriyasına aid olan insanlar daha çox məruz qalır?
- Burada belə bir məsələ var ki, yaşından asılı olmayaraq insan xarakter cəhətcə, temperament cəhətcə depressiyaya meyillidirsə, onun sevmədiyi fəsildə depressiyaya düşmə ehtimalı faiz etibarilə daha yüksəkdir. Amma xroniki depressiya adlandırdığımız bir amil də mövcuddur. Yəni bu insan mütəmadi olaraq həkim müayinəsindən keçməli, psixoloq və psixiatr dəstəyindən davamlı olaraq istifadə etməlidir. Çünki bu insan adi bir qığılcımdan depressiyaya düşə bilər. Bu səbəbdən də həmin insan daimi olaraq psixoloq nəzarətində olmalıdır.

Ümumiyyətlə isə, keçid dövrü daha həssasdır. Yəni insan yaşlandıqca, orqanizm dəyişir. Səbəbsiz depressiya isə orqanik dəyişikliklər şəraitində yaranır. Yəni xarici amil: psixoloji sarsıntı, stress keçirmədiyi halda insanın maraqları azalır, əhval-ruhiyyəsi dəyişir.
- Yəni bu müalicə edilmir? Sadəcə nəzarətdə saxlanılmalıdır?

- Ancaq nəzarətdə saxlanılır. Çünki bu insanın temperamenti dəyişilmir, xarakteri dəyişilmir və kiçik bir təkan onu depressiyaya sürükləyə bilər. Fəsil depressiyası xroniki depressiyanın qoludur. Və fəsil depressiyasına da əksəriyyət olaraq xroniki depressiyadan əziyyət çəkən insanlar tutulur. Amma istisnalar mövcuddur. Məsələn, yaz və yay fəslini, isti havaları çox sevən insanlar, özünü bu mövsümlərdə çox enerjili hiss edir. Payız gəldikdə isə həmin şəxsin özündən asılı olmayaraq əhval-ruhiyyəsi enir. Fəsil depressiyası səbəbsiz yaranan bir depressiyadır.
- Fəsil depressiyası qadınlarda, yoxsa kişilərdə daha çox müşahidə edilir?
- Qadınlarda. Bu, qadınların zəifliyi ilə əlaqədar deyil, sadəcə qadınlar daha emosional və həssasdırlar. Depressiyada olan insan çox ağlayır, məntiqdən kənar olan düşüncələrə qapılır. Belə halda məntiqdən çox emossiyalar önə çıxır. Kişilərdə isə məntiq ön planda olur. Ümumiyyətlə, qadınlar depressiyaya kişilərdən daha tez-tez tutulur. Çünki qadınlar məntiqdən daha çox emossiyaları, hissləri ilə hərəkət edir, reaksiya verirlər.

- Fəsil depressiyasından necə qorunmaq olar?
- Fəsil depressiyası dedikdə qeyd etməliyəm ki, əsasən payız depressiyası daha təhlükəlidir. Çünki ən enerjili və pozitiv insan belə payızda bir qədər durğunlaşır. Xroniki fəsil depressiyasından yaranan durğunluq, özünə və evə qapanma yaradır, bu isə ən dəhşətli nəticəyə, intihara qədər aparıb çıxara bilər.
Fəsil depressiyasından qorunmaq üçün evə və özünə qapanmadan xilas olmaq lazımdır. Çox zaman insanların özünə yardım etməsi bir qədər mürəkkəbdir. Biz belə xəstələrin ilk növbədə yaxınları ilə danışırıq. Çünki onların yardımı mühümdür. İlk olaraq həmin insanları qəmli, lirik kino və musiqilərdən uzaq durmağa çağırırıq. Çünki məhz belə musiqilər və filmlər hətta unudulmuş uğursuzluqları belə xatırladır. Ona görə də ilk növbədə pozitiv və müsbət hisslərə və emosiyalara şərait yarada biləcək film və musiqilərə köklənmək lazımdır.

- Yeni bir fəsilə qədəm qoyduq, artıq bahardır. Oxucularımıza psixoloq kimi nə demək istərdiniz?
- İnsandan ali varlıq yoxdur, ona görə də insan istənilən problemin öhdəsindən gəlmək iqtidarındadır. Mən oxuculara yüksək əhval-ruhiyyə, pozitivlik, həyatdan zövq almağı arzu edirəm.
- Maraqlı müsahibə üçün təşəkkür edirəm.

Səbinə Səmidxan
Foto: Nüsrət Abdullayev