“Uğurun tarixi” layihəsinin ikinci qonağı AUKAA-nın üzvü Fəridə Fətəliyevadır. Fəridə xanım Londona böyük sevgi ilə bağlıdır. Londonla bağlı xatirələrini və gələcək planlarını bölüşən bu gənc xanım gülərüzlüyü ilə də diqqətimi çəkdi.
- Fəridə xanım, London üçün çox darıxırsınız?
- Bəli, çox darıxıram. Bir ildən çox orada yaşamışam. Orada yaşamağımın səbəbi magistr təhsili ilə bağlı olub. İngiltərənin City Universitetində Beynəlxalq kommersiya hüququ üzrə təhsil almışam. Lakin tez-tez Londona səyahət edirəm. City Universitetinin Alumni kontakt olaraq, bu, mənim üçün həm ziyarət, həm ticarətdir. Mənim üçün London daim geri dönmək istədiyim bir yerdir.
- Xaricdə təhsil almaq ehtiyacı hiss etmisiniz ki, İngiltərədə təhsilinizi davam etdirmisiniz. Bu təhsil həyat tərzinizə, işgüzar fəaliyyətinizə, düşüncələrinizə necə təsir edib?
- Bilirsiniz, mən BDU-nu bitirəndə beynəlxalq hüquqşünas olaraq fəaliyyət göstərmək istəyirdim. Mən Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq hüquq fakültəsinin bakalavr və magistr pillələrini bitirmişəm. Daha sonra qərar verdim ki, təhsilimi İngiltərədə davam etdirim. Sənədlərimi verərkən İngiltərənin 6 universitetinə göndərdim və hər biri mənə müsbət cavab bildirdi. Mən isə onların arasından City Universitetini seçdim. O ərəfədə prezidentimizin sərəncamı ilə xaricdə təhsil alan gənclərə maliyyə yardımı edilməsi haqqında proqram hazırlanmışdı və mən də bu proqramdan ilk yararlananlardanam. İngiltərədəki təhsilimdən sonra isə məndə kommersiya hüququna maraq yarandı. Bu sahə Azərbaycanda son 4-5 ildir özünü göstərməyə başlayıb. Çünki bizdə belə bir fakültə yox idi. İngiltərə təhsili çox güclüdür və şübhəsiz mənə çox şey öyrədib. Həm işgüzar fəaliyyətimdə də bu təhsil mənə həmişə dəstək olur.
- Daimi İngiltərədə yaşamaq fikriniz olubmu?
- Orada təhsil alan zaman mənə müxtəlif iş təklifləri edilib. Lakin dövlət hesabına təhsil aldığım üçün özümdə böyük məsuliyyət hiss etmişəm və bu səbəbdən də təklifləri qəbul etməmişəm. Çünki işləyərək oxumaq çətindir və mən ölkəmi ən yaxşı şəkildə təmsil etmək üçün əlimdən gəldiyi qədər yüksək nəticələr göstərməyə çalışmışam. İngiltərəyə 2007-ci ildə getmişəm və təhsilimi bitirən il orada iqtisadi böhran başlayıb. Hesab etmişəm ki, Azərbaycanda imkanlar daha çox və yaxşı olacaq. Bunlarla yanaşı, mənə ayrılan maliyyəyə görə dövlətimə borclu olduğumu düşünürəm və elə Azərbaycanda nələrsə etməyin daha düzgün olacağına qərar verdim.
- Qayıdandan sonra burdakı yaşama alışmaq çətin olmadı?
- Oldu. Mən orada tək yaşayırdım. Bu, mənim üçün yenilik idi. Məncə bu həm peşəkar mənada, həm də gündəlik həyat üçün böyük addımdır. Amma sizə onu da deyim ki, bu, mənim ilk xarici təhsilim deyildi. Onuncu sinfi bitirdikdən sonra bir proqram vasitəsi ilə Amerika Birləşmiş Ştatlarında birillik təhsil almışam. Hər iki ölkədəki təhsilimlə bağlı onu deyə bilərəm ki, tələbələr üçün oxumağı müxtəlif layihələrlə daha maraqlı edirlər.
Heç kim bunu oxumalı olduğunu demir, amma bilirsən ki, hər gün kitabxanaya getməli, oxumalı və bilgini artırmalısan. Bizim təhsil nəzəriyyə üzərində qurulub. Orada isə peşənin xüsusiyyətlərinə praktiki yanaşmalar ilə yiyələnirsən. Məsələn, City Universitetində tez-tez peşəkar, tanınmış hüquqşünaslar dərslərimizə dəvət olunur və maraqlı məsləhətlər verirdilər.
İngiltərədə müəllimlər tələbələrə daha çox vaxt ayırırlar, hər zaman suallarını eşitməyə və cavablandırmağa hazırdırlar. Hətta bu gün də mən onlara bəzi suallarla müraciət edirəm. Baxın, bizdə elə müəllimlər var ki, çox biliklidirlər. Lakin bildiklərini paylaşmaq istəmirlər. Orda isə bu, əksinədir.
- Fəridə xanım, siz öyrəndiklərinizi paylaşmaq üçün nələrsə planlaşdırırsınız?
- Bəli. İngiltərəyə getmədən öncə BDU-nun Qafqazşünaslıq fakültəsi üçün Amerika mərkəzində dərs deyirdim. Əlbəttə istəyərdim ki, bütün bildiklərimi paylaşım, dərs deyim. Bunun üçün daha çox üzərimdə işləmək və 4-5 il gözləmək lazımdır. Yeri gəlmişkən deyim ki, AUKAA belə bir istiqamətdə layihə etməyi düşünür. Yəni xüsusi treninqlər təşkil etmək və gəncləri xaricdə təhsil almağa motivasiya etmək kimi düşüncələrimiz var.
- AUKAA-dan söz düşmüşkən, bilmək istərdim ki, bu təşkilatın sizin üçün rolu nədən ibarətdir?
- AUKAA İngiltərədə təhsil alan azərbaycanlıların birləşdiyi bir məkandır. Fikir və düşüncələr baxımından mənə yaxın insanların birliyidir. Və burada bizə öyrəndiklərimizi öyrətmək üçün imkanlar verilir. Hesab edirəm ki, AUKAA çox müsbət birlikdir.
- Hazırda harada çalışırsınız?
- Hazırda isə SKN Electrical Services şirkətinin Azərbaycan filialında hüquqşünasıyam. Telekommunikasiya sahəsindən sonra bu sahə mənə çox maraqlı oldu. Bu şirkət ingilis şirkətidir.
SKN Electrical Services Ltd şirkəti neft, qaz və neft-kimya sənayeləri üçün standart və sənaye alpinizmi üsullarından istifadə etməklə elektrik və nəzarət-ölçmə avadanlıqlarının layihələndirilməsi, təchizatı, quraşdırılması, texniki qulluğu, yoxlanılması və bütövlüyünün təminatı sahələrində konsepsiyadan tamamlanmaya qədər mühəndislik həllərinin həyata keçirilməsi üçün səriştəli texniki işçi heyəti təmin edir. Hazırda Qarda, Braziliyada, Sinqapurda və digər ölkələrdə fəaliyyət göstərilir.
Bizim şirkətimiz Azərbaycanda nationalizasiya proqramında böyük nəticələr göstərir. Məsələn, hazırda göstəricilərimiz bunlardır: 60-40 (yerlilər və xaricilər), planlaşdırdığımız nəticə isə 20-80-dir.
Mənə elə gəlir ki, bu məsuliyyətin altında daha da böyüdüm. Həm peşəkar, həm də insani keyfiyyətlər mənasında bunu deyə bilərəm. Bildiyiniz kimi Azərbaycan enerji layihləri ilə məşhur ölkədir və bu sahə mənim diqqətimi çəkir. Gələcəkdə bu istiqamətdə də təhsil almağı düşünürəm.
- Dayanmadan təhsil alırsınız...
- Planlarımdan biri City Universitetinin “Cass Business School”un Dubayda olan icraedici MBA proqramı çərçivəsində təhsilimi davam etdirməkdir. MBA haqqında həmişə düşünmüşəm, lakin işdən ayrılmaq istəmirdim. Bu, mənim uzun müddət axtardığım proqramdır. Həmin proqram işdən ayrılmadan arzularımın gerçəkləşməsinə imkan yaradır. Bu proqram işgüzar insanlar üçün yaradılıb və iki il ərzində həftədə bir dəfə kursda iştirak etmək məncə heç çətin olmaz.
Böyük Britaniyada magistraturanı bitirdikdən sonra məncə artıq heç bir şey mənim üçün çətin olmaz. Hesab edirəm ki, dayanmadan öz üzərində işləsən həm ölkən, həm də ətrafındakı insanlar üçün yararlı ola bilərsən. Baxın, hər kəs deyir ki, təhsilimiz aşağı səviyyədədir.
Amma bu sözləri deyən hər bir şəxs kiçik bir iş görsə, bəlkə də vəziyyət gözlədiyimizdən daha tez müsbət istiqamətdə dəyişər. ADA Universiteti haqqında çox müsbət fikirlər səslənir və mən də o fikirləri bölüşürəm. Onlar mənim xaricdə təhsil aldığım sistemlə işləyirlər. Tələbələr bütün günü universitetin daxilində maraqlı layihələrlə məşğul olurlar. Düşünürəm ki, belə universitetlərin sayı artmalıdır.
- Fəridə xanım, sizə uğur əldə etmək üçün əsas olan nədir?
- Hər zaman irəli doğru addımlamaq. Baş verən hər hansı bir hadisəni analiz etmək. Müsbət və mənfi cəhətlərimi müəyyən etmək və yenə də irəliyə doğru addımlamaq. Bu, mənim həyat tərzimdir. Məncə bu halda uğur sizə çox yaxın olacaq.
Sədan Bünyadova
Foto: Nüsrət Abdullayev
www.oxu.az