Oxu.Az-ın “Oyundan kənar” rubrikasının budəfəki qonağı parapsixoloq və bodibildinq üzrə Azərbaycan 3-cüsü Həsən Həsrətlidir.
- Həsən deyəndə ilk olaraq hər kəsin ağlına öngörücü gəlir, amma insanlar bu gün səni başqa Həsən kimi tanıyacaq.

- Düzdü, əksəriyyət məni ekstrasens kimi tanıyır, amma idmanla məşğul olduğumu da bilirlər. İllərdir hər iki işlə məşğulam. Bir var peşə, bir var hobbi, bir də var sənət - bunlar başqa-başqa işlərdir. Ekstrasenslik, öngörücülük məndən asılı deyil axı, bu məndə varsa bu enerjini sərf etməliyəm. İdman isə mənim sevib seçdiyim sənətdir, ona görə də idmanla məşğul oluram.
- Bu gün sən bizə idmançı kimi maraqlısan. İlk dəfə məşğul olduğun idman növü?
- Mən idmana birdən-birə gəlməmişəm ki, deyim gözümü yumub gəldim. Gözümü açandan, özümü biləndən ailəmdə, ətrafımda idmanla məşğul olan insanlar olub. Hələ balacalıqdan mənə döyüşlər, ən əsas da küçə döyüşləri çox maraqlı gəlirdi. İlk dəfə kikboksinqlə və Fri faytla məşğul olmuşam, bu hardasa 12 yaşıma təsadüf edirdi. Hələ məktəb vaxtlarından hiss edirdim ki, idmana uyğun orqanizmim, gücüm, əzmim, iradəm var və idmana yararlıyam. Müəllimlər də həmişə idman dərsində məndən razı idilər. Olimpiadalar olanda mən gedirdim və ən yaxşı nəticələri mən qazanırdım.
Kikboksinqlə bərabər olaraq Fri faytla məşğul idim, döyüşməyi sevirdim. Bir çox turnirlərin qalibi olmuşdum. Dəfələrlə 2-3-cü yeri qazanmışam.
Bir dəfə zaldan çıxanda baxdım kənardan səs gəlir, o biri zalda taekvondoçular məşq edirdi. Onların səsləri insana əzm, güc verirdi. Belə oldu, mənə maraqlı gəldi. Müəllim vardı onun yanına gedib dedim ki, mən taekvondoya gəlmək istəyirəm. Mənə dedi ki, get, böyüyün gəlsin (gülür). Həmin vaxtlar uşağa oxşayırdım, yaşımdan balaca görsənirdim. Evdə bu haqda dedim, gəldilər danışdılar və başladım taekvondoya. Ayaq zərbələri taekvondoda əsasdı və bu məndə yaxşı alınırdı. Beləliklə, taekvondoyla məşğul olmağa başladım, nailiyyətlərim oldu. “Qara”, “Qırmızı” kəmərim vardı, bu kəmərləri alanda mənə çox xoş idi (gülür).
Çempionata hazırlaşırdıq, diz sümüyüm qırıldı, bəlkə də ən pis günüm idi, çünki məşq etməyə, hazırlaşmağa icazə vermədilər. Müalicəyə başladım. Bilirəm ki, bu, Allahın mənə verdiyi cəza idi, günah etmişdim deyə ən sevdiyim işimi əlimdən aldı. Bir il müddətinə müalicəmi aldım, az-az məşq edirdim. Amma yenidən davam edə bilməzdim.

- Kikboksinq, taekvondo, Fri fayt və nəhayət, bodibildinq?! Kobudluğu, çətinliyi ilə fərqlənən idman növləri və vücudun gözəlliyini göstərən idman növü! Nəyə görə bodibildinqə marağın oldu?
- Zədəm üzündən idmana davam edə bilməzdim, amma vücudun gözəlliyini sevən olmuşam. Bir dəfə bodibildinq zalına getdim, birbaşa yaxınlaşdım Teymur Aslanova (bodibildinq üzrə Avropa çempionu). Teymur müəllim bodibildinq üzrə sözünü demiş idmançılardan biridir. Yaxınlaşdım və dedim ki, bu idman növünü öyrənmək istəyirəm. Beləlikə, Teymur müəllimin yanında məşqlərə başladım.
Keçən il Azərbaycan çempionatı keçirildi və mən 3-cü yerə çıxdım, bu il isə hazırlaşa bilmədim deyə çıxmadım. Bu il başım nişana, toya qarışdı deyə çıxa bilmədim. Amma yenidən məqşlərə başlamışam, ciddi hazırlaşıram.

- Bildiyimə görə Bakıya bir neçə ildir gəlmisən?!
- Demək olar ki, Bakıya az-az gəlirdim. İstanbulda yaşamışam, elə bodibildinqə də marağım orda yarandı.
Azərbaycanda bu idman növünə o qədər də qiymət vermirlər, amma demək olar ki, çətin idman növüdür. Məşqi, yeməyi, pəhrizi və s. - hamısı yerli-yerində olmalıdır. Məsələn, Türkiyədə, Avropada və digər ölkələrdə bu idman növünə daha çox maraq var. Bu, idmanı sevənlər üçün ruh yüksəkliyidir. Mən həmişə Arnold (Arnold Şvartsenegger) fanatı olmuşam, onun kinolarını izləmişəm, haqqında oxumuşam. Möhtəşəm bir adamdır.

- Görmüsən və yaxud tanış olmaq şansın olubmu?
- Təəssüf ki, yox, görməmişəm, şansım da olmayıb.
- Bəs görsən ona nə deyərdin? İlk sualın necə olardı?
- Sadəcə onun canlı məşqlərini görmək istəyərəm, necə məşq etdiyi mənə çox maraqlıdı.
- İdman belədir ki, gərək tək məşq yox, nəzəriyyəsini də biləsən. Nəzəriyyədən anlayışın varmı?
- Çox doğru söylədin, məşqi etdim və bitdi – idman bununla kifayətlənmir. Bir işi görürsənsə onun incəliyini, nəzəriyyəsini biləsən gərək. Həm nəzəriyyə, həm təcrübə mütləqdir. Mən buna aid kitablar oxuyuram, özüm üçün maraqlanıram, evdə buna dair o qədər jurnal, kitab var ki (gülür).

- Niyə səni həmişə öngörücü kimi təqdim ediblər? İdmançı kimi maraq azdır?
- İnsanlar məni ekstrasens, parapsixoloq, öngörücü kimi tanıyıblar, cəmiyyətə belə təqdim olunmuşam və bu gün mən bir çox ekstrasenslərdən fərqlənirəm. Özümü sübut etmişəm. Bilirsən, insanların mənə yaxınlaşıb adi bir xoş söz, cümlə deməsi mənə bəsdir. Məni tanıyanlar bilir ki, mən həm idmançıyam, həm də ekstrasens. Amma insanların daha çox ekstrasensə ehtiyacı var deyərdim.
- Niyə son vaxtlar insanların marağı cadu, bir-birinə pislik etməkdir?
- Bu, tək bizdə yox, bütün dünyada yayılıb. Bütün dünyada cadu, magiya var. Mən pislik etmirəm, tövbəliyəm. Kimsə mənim yanıma gəlir ki, belə et, elə et, təbii ki, yox deyirəm.
- Sənin kimi həm ekstrasens, həm də idmançı başqa kimsə varmı? Mən tanımıram, məsələn.
- Yox. Həm öngörücülüyü, həm də idmançı olan birini tanımıram. Mən bir ekstrasens kimi deyə bilərəm ki, idmanla məşğul olmaq mənə enerji verir, çünki müxtəlif enerjilər qəbul edirəm və mən o enerjimi idmanla bərpa edirəm.
- Uşaqlığın nə ilə yadda qalıb?
- Həmişə tək qalmaq istəyirdim. Çox adamı sevmirdim, təkliyə qaçırdım. Uşaqlar oyuncaqlarla oynayanda mən kartla oynayırdım, o kartlarla özüm üçün açıqlama edirdim, qəribə bir enerji çəkirdi məni.

- İlk dəfə nə zaman belə bir hissin olduğunun fərqinə vardın?
- Gecə yatanda qəribə səslər çıxarırdım, bizim qonşumuzda tatar öngörücü qadın vardı. Məni onun yanına apardılar. Qadın dedi ki, səndə elə bir qüvvə var ki, o heç kəsdə olmayacaq. Onda hələ mənim 6 yaşım vardı.
- Bizim cəmiyyətdə nəyi bəyənmirsən?
- İnsanlar çox aqressivdirlər, bir-birinə ancaq pislik etmək istəyirlər, yaxşılıq etmək barədə düşünmürlər. Əsəbilik, gərginlik, aqressiya bizim camaatda çoxdur.
- Kiminlə dostluq edirsən?
- Düzgün, dürüst insanlarla dostluq edirəm. Məsələn, belə dostlarımdan Toğrul və Yusifi misal göstərə bilərəm.
Nərmin Kazımova