Fələstinin radikal HƏMAS qruplaşmasının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə İranın yeni Prezidenti Məsud Pezeşkianın inaqurasiya mərasimindən sonra paytaxt Tehranda qaldığı iqamətgahında sui-qəsd nəticəsində öldürülüb. Hadisəyə görə İsrail və ABŞ ittiham edilsələr də, Birləşmiş Ştatlar məsuliyyəti üzərinə götürməyib. İsrail isə ümumiyyətlə xarici mediada yayılan məlumatlara şərh verməyə lüzum görməsə də, sevincini də gizlətməyib. Artıq İran və Türkiyə Xarici İşlər nazirlikləri Haniyənin ölümünü sərt şəkildə pisləyiblər. İran Ali Milli Təhlükəsizlik Şurası və HƏMAS isə hadisəni törədənlərdən qisas alınacağını bəyan ediblər. Təbii olaraq, baş verən hadisə həm dünya mətbuatının gündəmini zəbt edib, həm də qisas bəyanatları fonunda regionda eskalasiyanın körüklənəcəyinə konkret zəmin yaradıb.
Ehtiyatda olan polkovnik-leytenant, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandırıb:

- İsmayıl Haniyənin ölümündə məsuliyyəti hansı ölkə daşıyır və bu son hansı başlanğıcın anonsudur?
- HƏMAS rəsmisinin İsrail tərəfindən öldürüldüyü heç kimə sirr deyil. Heç İsrail tərəfi də hadisəni birmənalı şəkildə üzərindən atmayıb. Haniyə odlu silahdan öldürülməyib ki, məsələni rahatlıqla gizlətmək də mümkün olsun. Haniyə İsrail ordusu tərəfindən atılan raket hücumu nəticəsində öldürülüb. Sübut üçün israilli nazirin Haniyənin ölümü ilə bağlı açıqlamasına fikir verin: "Onlara heç bir mərhəmət edilməyəcək. Haniyənin ölümü dünyanı bir az gözəlləşdirəcək". Bu, məsələnin birinci tərəfidir.
Məsələnin ikinci tərəfi isə bu zərbənin HƏMAS-la yanaşı, həm də İrana endirilməsidir. İranın paytaxtında bu ölkənin proksi qüvvəsinin rəhbəri məhz yeni prezidentin andiçmə mərasimindən sonra öldürülürsə, bu, İran üçün sərt mesajdır və Haniyədən çox, İrana zərbədir. Ona görə də İranın Ali Rəhbəri Əli Xamenei təcili iclas çağırıb və yəqin ki, müvafiq qərarlar qəbul edəcək.
İstənilən halda, fakt budur ki, İsrail Colan təpələrindəki hadisədən sonra həm "Hizbullah"a hücum məqsədilə Livanın paytaxtı Beyrutu vurdu, həm də uzun müddətdir axtardığı Haniyəni zərərsizləşdirdi. Yeri gəlmişkən, İsrailin Baş naziri Benyamin Netanyahunun əmri ilə İsrail ordusunun belə bir addım atması onu göstərir ki, Amerika Birləşmiş Ştatlarına son səfərindən sonra alqışlanması-dəstəklənməsi hökumət başçısını bir az da ilhamlandırıb və onun daha sərt addımlar atmasına gətirib çıxaran faktorlardan birinə çevrilib.
- Bu hadisə həm də onu göstərdi ki, İranın təhlükəsizliyi sual altındadır və istənilən vaxt təhdid edilə bilər. Üstəlik, bu, İran kəşfiyyatı haqqında da ciddi düşünməyə vadar edir. Çünki İsrail Haniyəni axtarır, Haniyə İrana gəlir, lakin onu qorumaq heç bir halda mümkün olmur.
- Baş verənlər İran kəşfiyyatından daha çox, ölkənin hava hücumundan müdafiə sisteminin nə qədər zəif olduğunu göstərdi. Bundan məharətlə istifadə edən İsrail və Amerika Birləşmiş Ştatları kəşfiyyatının isə əllərinin hər yerə uzandığı öz təsdiqini tapdı.
- İran "Hizbullah" və HƏMAS başda olmaqla İsrailə qarşı, əsasən, proksi qüvvələr vasitəsilə mübarizə aparırdı. Lakin İsrail bu tendensiyanı dəyişdi və İran ərazisinə şəxsən müdaxilə etdi. Belə olan təqdirdə demək olarmı ki, rəsmi Tehranın Təl-Əvivlə birbaşa qarşıdurmaya girəcəyi istisna edilmir?
- İsrail, onsuz da, bu ölkə və qruplarla uzun illərdir münaqişə içindədir. Onlar ilk dəfə deyil ki, qarşılaşırlar. Görünən isə odur ki, bundan sonra vəziyyət daha da gərginləşəcək. Biz Yaxın Şərqdə sülhün ilkin addımlarının atılacağını gözləyirdik, təəssüf ki, əksinə oldu.
- Bəs İsrail üç cəbhədə vuruşmaq gücünə malikdir?
- Nümunə üçün deyə bilərəm ki, 1967-ci ildə İsraillə ərəb ölkələri arasında baş verən altıgünlük müharibədə yəhudilər altı ərəb dövlətini məğlub etmişdilər. Bir neçə dəfə də həm Suriya, həm Misir, həm də İordaniya ərəblərini məğlub ediblər. İsrailin bu imkanları isə hələ də mövcuddur. Ən əsası isə, bu imkanların arxasında Amerika Birləşmiş Ştatlarının davamlı dəstəyi dayanır.
Mərahim Nəsib