Oxu.Az “Business Time” layihəsi çərçivəsində “PricewaterhouseCoopers Azerbaijan”ın idarəçi tərəfdaşı Mövlan Paşayev ilə müsahibəni təqdim edir:
- Cənab Paşayev, zəhmət olmasa özünüz haqqında danışın. Gənclikdə hansı arzularınız olub və nəyə nail olmağa can atmısız?
- Gənclik daima üsyan, etiraz və nihilizmdir. Mənim valideynlərim həkimdirlər və nə qədər gözlənilməz olsa belə mənim səylərimin və çıxışlarımın qarşısını almadıqları, mənə seçim və hərəkət azadlığı verdikləri üçün onlara təşəkkür edirəm.

Arzularım və istəklərim haqqında çox şey danışmaq olar, amma bu dəqiq hüquqşünas sənəti deyildi və dəqiq biznes ilə əlaqəli deyildi (gülür). Mən göylərdə pərvaz edirdim, çox romantik idim. Kosmosu xəyal edir və ya arxeoloq sənətini arzulayırdım – uşaqlıqda artefakt axtarışında olarkən bütün həyətimizi qazmışdım.
Yuxarı siniflərdə mən jurnalist olmağı qərara aldım, iki il Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MDBƏİ) Jurnalistika fakültəsinə hazırlaşdım. Amma Allaha şükür ki, olmadı, çünki inanmıram ki, məndən yaxşı jurnalist alınardı (gülür).
Lakin arzu və ideyalarımı həyata keçirməyə çalışıram və PwC-də bunu etməyə unikal imkana malikəm. PwC korporasiya deyil, 180 ölkədə 190 000 insanla 150 illik tarixi olan əməkdaşlıqdır. Bu, şirkətlər qarşısında böyük plyusdur – hər kəs qlobal firmanın əməkdaşı ola bilər: insanlar öz potensialını üzə çıxarmaq, hər gün nə isə yeni bir şey yaratmaq imkanına malikdir, yaradıcılıq və ideyalar üçün bizim sərt çərçivələrimiz mövcud deyil.

- Yerli işçilər sırasından idarəçi əməkdaş, həm də PwC kimi böyük bir şirkətdə, çox nadir haldır. Uğurun sirrini bizimlə bölüşərdiniz?
- Təcrübəmdən deyə bilərəm ki, uğurun bir universal tərifi mövcud deyil. İstənilən sahədə uğur və ona doğru irəliləyiş daxili qətiyyət və uğur qazanmaq niyyətindən başlayır. Amma sadəcə istək kifayət deyil, seçilən yolda addımlamaq üçün dəqiq hədəf lazımdır; uğur, bax bu hərəkət qətiyyətindən başlayır.
Mənə şəxsi uğurumu qiymətləndirmək çətindir, bu yolda nə qədər səhv etmişəm, amma həm peşəkar karyerada, həm də şəxsi həyatımda əldə etdiyim nailiyyətlər daxili uğur qazanmaq niyyətimdən irəli gəlib. Səhvlər olub və olacaq da, onlardan qorxmaq lazım deyil.
Rəngsiz həyatdan, qorxaq həyatından, bu və ya digər addımı atarsaq - pis və ya dəhşətli bir şeyin baş verəcəyinə diqqət cəmləməkdən qorxmaq və çəkinmək daha yaxşı olardı.

Ona görə də mənim iş vəzifələrimdən biri insanları cəsarətli olmağa sövq etməkdir. Bu, həddən artıq çətindir. İstənilən eksperiment uğursuz alına bilər, onların təbiəti belədir. Amma bununla yanaşı bu uğursuzluqların yol açdığı qələbələrin sayı da çoxdur. Sözün əsl mənasında.
- Siz dünyada peşəkar xidmətlər göstərən ən böyük şirkətlərdən birinin nümayəndəliyinin rəhbərisiniz, bu isə sizi məcburən çoxprofilli mütəxəssisə çevirir. Siz hüquqşünas və maliyyəçisiniz. Ölkəmizdə iqtisadiyyatın inkişafını necə qiymətləndirirsiniz?
- İqtisadiyyatımızın uğurunun zəmanəti daimilikdir – heç bir vəchlə islahatları dayandırmaq olmaz, irəliyə hərəkət etmək lazımdır. Mən struktur islahatları ilə yanaşı, maliyyə sisteminin, vergi və gömrük sisteminin, bank sektorunun, eləcə də millətin mental transformasiyasını nəzərdə tuturam. Xüsusilə də indiki mürəkkəb böhran dövründə.
Bu aspektdə ən əsas iqtisadiyyatımızın dünya iqtisadiyyatına inteqrasiyasıdır. Bu proses qaçınılmazdır və bunun üçün lazımi addımlar atılmalıdır. Birinci olaraq rüşvət ilə mübarizə aparılmalıdır. İkincisi həm yerli, həm də xarici biznes üçün şərtlərin yüngülləşdirilməsidir. Bu eləcə də gömrük və vergi rüsumlarının azaldılması, dövlət servisinin yaxşılaşdırılması, viza və immiqrasiya rejiminin yüngülləşdirilməsidir. Üçüncüsü isə gəlir mənbələrinin diversifikasiya edilməsidir.

Biz son 10-15 ildə ölkənin nail olduğu iqtisadi və siyasi sabitlik ilə layiqincə fəxr edirik.
Amma illərlə sürən sabitliyin, digər nəticələri (yəni inkişaf vasitəsi) əldə etməyə vasitənin və ölkəyə daxil olan investisiyaların, gələcəyə investisiya deyil, sadəcə nəticə olduğunu hesab etmək cinayətdir.
- Bəs bu inkişafı təmin edəcək kadrlar necə?
- Sürətlə dəyişən müasir dünyada həyati uğur üçün yaradıcı yanaşma, fəaliyyət sahələrini dəyişmək, yeni bilik və ideyaları havada tutmağı bacarmaq lazımdır. Amma indi mövcud olan kütləvi təhsil sistemi yaradıcılıq qabiliyyətinin inkişafı üçün yaramır. Axı onlar digər problemə – təsnifləşdirilmiş icraçılar çatışmazlığına uyğunlaşdırırlar.
Ona görə də birinci, yaradıcılığın yalnız seçilmiş nadir insanların qisməti olması fikrindən daşınmaq lazımdır. İkincisi, təhsili tədris prosesində dominantlıq edən “söz və rəqəmlərdən ibarət” akademik biliklərə meyillilikdən qurtarmaq lazımdır. Axı istedad digər sahələrdə – incəsənət, idman, təşkilatçılıqda və s. təzahür edir. Nəticədə gənc adamlar oxumaqdan uzaqlaşır və həm dahilər, həm də potensial cinayətkarlar üçün motiv eyni olur – dözülməz cansıxıcılıq və özünürealizə imkansızlığı.

Biz PwC olaraq hesab edirik ki, yaradıcılıqla hamı məşğul ola bilər. Və bunun üçün də təhsili akademizmdən yaradıcılığa yönləndirmək lazımdır.
İndiki, yerli təhsil müəssisələrinin professor bazasının müasir infrastrukturu (ADA Universiteti istisna olmaqla) olmadığı vəziyyətdə, dünya səviyyəli mütəxəssislərin hazırlanması praktiki olaraq mümkün deyil. Ona görə də kadrların milliləşdirilməsi tədricən və iqtisadi və tədris konyukturasının nəzərə alınması ilə bərabər getməlidir.
İş yalnız Ali tədris müəssisələrində deyil – kommersiya təşkilatı olaraq bizim onların modernləşdirilməsi prosesinə təsir, eləcə də gənclərə praktiki təcrübə təqdim etmə imkanlarımız məhduddur. Dünənki tələbələrə maraqlı layihələrdə işləmək imkanı vermək, ofislərdə darıxdırıcı şəraitdən uzaqlaşdırmaq, oxumaq həvəsini artırmaq – bu, təkmilləşmək üçün əsas motivə edən amildir.
Bu, bizim PwC-də etdiyimiz ən mühüm şeydir və mən hesab edirəm ki, bu biznesin, eləcə də dövlətin bizim gənclərə vədi olmalıdır.
- Sizcə neftin qiymətinin ucuzlaşması bizim iqtisadiyyatımıza necə təsir edəcək və əgər bu proses davam edərsə bizi nə gözləyir?
- Energetik sektorun problemi olacaq, çox güman ki, bu, həm dünya, həm də ölkə miqyasında artacaq. Neftin qiymətləri 2015 və 2016-cı illərdə aşağı səviyyədə qalacaq və energetika şirkətləri, əsasən də neft servisli şirkətlər daha çox ziyan görəcəklər. Son nəticədə neftin qiyməti bərpa olacaq: tələbat artmağa davam edəcək, ehtiyatlar tükənir, xərclər artır, alternativ enerji mənbələri isə yetərli bir zamanda meydana çıxmır.

Bu fonda neftin qiymətlərinin enməsi ölkə üçün əla imkandır. İstənilən böhranda olduğu kimi, burada da həm qaliblər, həm də məğlublar olacaq. Çox ümid edirəm ki, yaranan vəziyyəti ölkəmizin neftdən başqa daha nəyi təklif edə biləcəyini, iqtisadiyyatın hansı sektorlarını daha fəal inkişaf etdirməyin lazım olduğuna bir daha nəzər salmaq üçün istifadə edəcəyik.
Əsasən, bütün dövlət orqanlarının koordinasiyasını tələb edən düzgün strategiya şəraitində, bizim Azərbaycanı vacib və unikal regional nəqliyyat mərkəzinə çevirmək üçün böyük şansımız var.
- Bax siz dünya iqtisadiyyatına inteqrasiyadan danışdınız. Necə düşünürsünüz, gələcəkdə Azərbaycanın Avropa İttifaqına daxil olması mümkündürmü? Və bu bizə lazımdırmı?
Birincisi, baş verən hadisələr işığında Avropa İttifaqını hansı gələcəyin gözlədiyi bəlli deyil. Ukrayna böhranı və yunan seçkiləri, ölkələr arasında ciddi müxtəlif fikirləri də açığa çıxardı, bu isə mövcud iqtisadi problemlərə əlavə oldu. Amma ümid edirəm ki, Avropada indi baş verənlər – köhnə iqtisadi və siyasi sistemin “müşahidə edilən süqutudur”.
Biz böyük dövlətlər zamanında yaşayırıq, və onların miqyası fərdin həyatı ilə ölçülə bilməz. Vətəndaşlar siyasətə və ictimai quruluşa aid olma hissini itirirlər, bütün bunlar insanlar üçün sadəcə qeydiyyat yüklü bir şeyə çevrilir. Kiçik dövlətlər isə vətəndaşları insan səviyyəsinə qaytarırlar və ona heç olmasa şəxsi həyatını idarə etmək və siyasi qərarlara təsir etmək imkanı verirlər.
Ona görə də Avropa İttifaqına mümkün daxil olmaya bir neçə aspektdən nəzər salmalıyıq: siyasi, iqtisadi və ticarət. Demək lazımdır ki, fövqəl dövlətlər (öz geosiyasi mövqeyində Azərbaycanın “məhkum olması”) arasında bacarıqlı sabitlik – bu gün üçün ən optimal mövqedir.

Ümumiyyətlə isə, biz artıq dövrünü sürmüş, amma hələ keyfiyyətcə yeni sistemə çevrilməyən, iqtisadi və siyasi sistemin mərkəzindəyik. Və biz onu bizə sərfəli şəkildə qurmalıyıq.
- Siz mütəmadi olaraq digər şirkətlərin nümayəndələri ilə ünsiyyətdə olursunuz. Yerli mütəxəssislər arasında sizin kimi böyük şirkətlərə rəhbərlik edə biləcək mütəxəssislər çoxdurmu? Axı, xarici nümayəndəliklərdə əsas vəzifələrin xarici mütəxəssislərin tutduğu heç kim üçün sirr deyil. Onların yerli mütəxəssislərlə əvəz edilməsi tendensiyası mövcuddurmu?
- Bu sahədə vəziyyət tədricən yaxşılaşır. Məsələn, əgər peşəkar xidmətlər göstərən “böyük dördlük adlanan şirkətlərə baxsaq, orada başda mənim əməkdaşlarım – azərbaycanlılardır, bu, məni çox sevindirir.
Amma, bir çox şirkətlərin xarici mütəxəssisləri məsələsinə gəldikdə isə, ixtisaslı kadrların çatışmazlığından başqa, burada həm də onların peşəkarlığına və düzgünlüyünə inamsızlıq məsələsi yer alır.
- Amma xaricdən dəvət edilən mütəxəssislər də hər zaman yüksək tələblərə müvafiq olmurlar. Yerli mütəxəssislərin, məvacibdə gözəçarpacaq fərqə baxmayaraq xaricilərdən daha yüksək səviyyəli olması halları da nadir hal deyil.
- Burada həm də personalın işə götürülməsi məsələsi durur – bir çox şirkətlərdə bu proses düzgün qurulmayıb. Biznes qanunları çox sadədir, çünki əgər sən düzgün insanlarla işləmirsənsə və ya düzgün insanlar öz yerində deyilsə sən pul və biznesini itirəcəksən.
Düzgün insanlar – bu ilkin olaraq, personalın yığılmasına düzgün yanaşma, insanların bu işdə qalmasına uzunmüddətli siyasət və adekvat kompensasiyadır. Milliyyətçilik, gender, vətəndaşlıq burada heç bir məna daşımır.

- Ağıllı adam az deyil, amma uğuru yeganə insanlar qazanır. Ağıl və əməksevərlikdən başqa biznes mühitdə daha hansı keyfiyyətlər vacibdir?
- Mən səmimi olaraq inanıram ki, yalnız biznesdə deyil, ailə həyatında da istənilən sahədə uğur qazanmaq üçün insan xüsusi düşüncəyə malik olmalı, bir çox əməkdaşlarına xas olmayan bacarıqlara sahib olmalıdır.
İnsan bu profil üzrə orta mütəxəssisin bacarmadığını etməlidir. Uğurlu insanı ümumi işçi kütləsindən fərqləndirən budur.
Uğurlu insana hər zaman ağlnın məşq elətdirmək, öz potensialını daima üzə çıxarmaq və təzahür etdimək lazımdır. hər gün yeni nəzə öyrənmək lazımdır. Bu istənilən şey– eşitdiyim və ya oxuduğum yeni fakt, ağıllı fikir ola bilər.
- Öz karyerasının başlanğıcında olan gənc və ambisiyalı insanlara nə məsləhət verərdiniz?
- Qarşıya məqsəd qoymaq və ona nail olmaq üçün dəqiq plana malik olmaq lazımdır. Və daima öyrənmək və öz üzərində işləmək lazımdır. Beyin əzələ kimidir, onun daimi məşqə ehtiyacı var, və bu məşqlərin müxtəlif olması yaxşı olardı, yoxsa o qıc ola bilər. Hər gün yeni bir şey öyrənmək üçün öz qarşınıza məqsəd qoyun.

- İşgüzar insan yaxşı dincəlməlidir ki, sonradan işi bəhrə verən olsun. Siz necə dincəlirsiniz?
- Mənim üçün istirahət divanda əlində televizorun pultu ilə uzanmaq deyil, əgər oturacamsa kitabla oturacam (gülür). Mən indi elə maraqlı yaş həddindəyəm ki, nə vaxtsa çatdırmadıqlarımı etmək istəyirəm. Bəlkə də orta yaş həddi böhranı elə budur.
Mən dostlarımla ünsiyyətdə olmağı sevirəm və mənə düşüncələrim üçün əsas vermələri, məni səmalardan yerə qaytardıqları və həm fiziki, həm də dincəlmə imkanı verdikləri üçün onlara təşəkkür edirəm.
Və mən mütəmadi olaraq baykda “beyni təmizləyirəm”.
Əsas olan isə ailəmdir – həyat yoldaşım, qızlarım, valideynlərim və bacım. Onlar məni hər şeydə dəstəkləyirlər. Mən onlarsız uğur qazana, həyatdan indiki kimi həzz ala bilməzdim.
- Maraqlı müsahibə üçün təşəkkür edirəm!
Aliyə İsmayılzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az