Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qərbin Qafqaza səlib yürüşü - Rusiya susur, Azərbaycan etiraz edir
ABŞ ilə Ermənistanın "Eagle Partner 2024" proqramı çərçivəsində birgə hərbi təlimləri iyulun 15-də dava, iğtişaşlara qarşı mübarizə və silah təlimləri formatında növbəti mərhələsinə qədəm qoyub. İyulun 24-nə qədər nəzərdə tutulan təlimlərin həqiqi məqsədi bilavasitə regional sülhü təhlükə altına qoymaqdan ibarətdir ki, bu da Ermənistan və Azərbaycanı sülh gündəliyindən daha da uzaqlaşdırır. Yəni görünən odur ki, ABŞ Ermənistana, Azərbaycana və digər region ölkələrinə qarşı hərbi provokasiyalara hazırlaşır.
Məhz bunun fonunda Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin iyulun 21-də iriçaplı silahlardan atəşə tutulmasının arxasında da ABŞ-nin Ermənistanı təhrik etməsi dayanır. Bir sözlə, Yaxın Şərqi fəlakətə sürükləyən və qana bulayan ABŞ indi də Cənubi Qafqazı alovlandırmağa çalışır.
Məsələnin digər tərəfi isə Rusiya ilə bağlıdır. Rəsmi Moskva bu proseslərin həm də onun ayağının regiondan kəsilməsinə hesablandığını bilsə də, yalnız quru bəyanatlar verməklə kifayətlənir. Elə Ermənistanı həvəsləndirən həm də Kremlin sükutudur ki, müşahidəçi missiyası adı altında ölkəyə yerləşdirilən Avropa İttifaqının kontingenti bu gün regionda Fransanın hərbi bazası rolunu oynayır, Vaşinqton və Parisin təxribatçı planlarını həyata keçirməyə cəhd edir. Belə olan halda Azərbaycan Aİ və ABŞ-yə necə inana bilər? Bu, səlibçilərin Qafqaza yürüşüdür və ən zəif bənd Ermənistan vasitəsi ilə bu rol həyata keçirilir.
Mövzu ilə bağlı Oxu.Az-ın suallarını politoloq Natiq Miri cavablandırıb:
- ABŞ-Ermənistan hərbi təlimləri fonunda Vaşinqton hansı üzlə iki ölkə arasında sülh prosesində vasitəçilikdən danışa bilər?
- Bu hərbi təlimlərə daha çox cari ilin 5 aprelində Brüsseldə ABŞ, Aİ və Ermənistan arasında keçirilən üçtərəfli görüşün nəticəsi kimi baxmaq lazımdır. Bu görüşdə qəbul olunan qərarların tərkib hissəsi olaraq məlum olur ki, Ermənistanın bütün sahələr üzrə iqtisadi, siyasi, hərbi, təhlükəsizlik baxımından daha dayanıqlı olması üçün müəyyən addımlar atılıb, qərarlar qəbul olunub ki, bu gün baş verənlər də bunun təzahürüdür. Əlbəttə, ABŞ bu məsələdə son günlər aktivləşib və vasitəçilik statusu ilə sülh müqaviləsini tezləşdirmək istəyir, həmçinin, bunu Birləşmiş Ştatların seçkiöncəsi uğur hekayəsi kimi təqdim etmək niyyətindədir. Yəni Demokratların indiki çətin vəziyyətində belə uğurlara ehtiyacı var, bu tələskənlik də bilavasitə bununla əlaqədardır.
- Baş verənlər ABŞ-nin Ermənistanı özünün yeni hərbi koloniyası və forpostu etmək cəhdləri istiqamətində növbəti addımı kimi dəyərləndirilə bilərmi?
- Bu, qlobal güclərin siyasi maraqları kontekstində baş verən hadisələr kimi dəyərləndirilməlidir. Yəni Qərb, o cümlədən ABŞ Cənubi Qafqazı özünün təsir dairəsinə salmaq istəyir, ancaq burada bəzi məsələlərin transformasiyasına ehtiyac var. Ukrayna-Rusiya müharibəsi başlayana qədər Cənubi Qafqaz müəyyən qədər, Rusiyanın iddia etdiyi kimi, onun təsir dairəsi sayılırdı. Ancaq indiki ABŞ siyasətində Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq siyasəti həyata keçirilir ki, burada ən zəif bənd Ermənistandır və proses də məhz onun üzərindən həyata keçirilir. Ona görə də Ermənistanın bu və xüsusən də Rusiyadan gələn mümkün təhlükələr fonunda daha dayanıqlı olması üçün addımlar atılır. Hərbi təlimlər və silahlandırma kimi fəaliyyətlər də bilavasitə bununla əlaqələdir.
- Kəlbəcərdə mövqelərimizin atəşə tutulmasının arxasında da məhz ABŞ faktoru dayana bilərmi?
- Azərbaycanla Ermənistan arasında sülh üçün müəyyən ümidlər yarandığı vaxtlarda hansısa anlaşılmazlıqlar peyda olur və hansısa geosiyasi maraqlar kontekstində gözləntilər özünü doğrultmur. Bu da alınmayanda sərhəddə təxribatları müşahidə edirik.
Xatırlatmaq yerinə düşər ki, iyulun 19-da Böyük Britaniyada Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü planlaşdırılırdı. Ancaq görünür, Ermənistanın da müəyyən hesablamaları və ya ona kənardan verilən sifarişlərə görə bu kontekstdə görüş baş tutmadı. Sərhəddəki təxribatı da təxminən bunun davamı kimi dəyərləndirmək lazımdır.
- Bütün bunların fonunda Rusiyanın səssizliyini necə başa düşmək olar?
- Rusiya bu prosesə yanaşmaq istəmədiyi üçün deyil, prosesdən tədricən uzaqlaşdırıldığı üçün quru bəyanatlarla keçinmək məcburiyyətindədir. Azərbaycan isə sülh prosesini ikili müstəviyə daşıyıb və bu, bizim uğurumuzdur. Çünki ABŞ, Aİ və Rusiya dəfələrlə vasitəçilik etmək istəyiblər, amma hər hansı müsbət nəticə əldə edilməyib. Digər tərəfdən, Ermənistan Rusiyanın prosesə müdaxilə etməsinə imkan vermir. Rusiyada Azərbaycan-Ermənistan görüşlərinin təşkil olunmasına imkan verməyən də məhz Ermənistan rəhbərliyidir.
- Bəs Avropa İttifaqının mövqeyi? Çünki sözügedən təşkilat Azərbaycana qarşı qərəzli və proseslərdə birtərəfli mövqeyini gizlətmir...
- Ermənistan sülh danışıqlarının Avropa İttifaqının və Fransanın da daxil olduğu vasitəçilik sistemi ilə davam etməsində maraqlıdır. Lakin Azərbaycan bu formatı haqlı olaraq istəmir. Eyni nüans ABŞ ilə də baş verir. Buna görə də ən doğru addım bu prosesi ikitərəfli müstəvidə davam etdirməkdir. Çünki bunun konkret müsbət nəticələri var, üstəlik, ikitərəfli qaydada sülh prosesini irəliyə aparmaq mümkündür. Dinc yaşamaq üçün iki qonşu ölkə danışmaq məcburiyyətindədir və iki qonşunun danışması üçün vasitəçiyə, ələlxüsus da 10 min kilometrlərlə uzaqdan gəlib vasitəçilik etməyə çalışanları bu prosesə buraxmağa ehtiyac yoxdur.
Aqil Vəlili
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- ABŞ Ümumdünya Səhiyyə Təşkilatından çıxa bilər
- ABŞ Konqresi hökumətin maliyyələşdirilməsinə dair qanun layihəsini qəbul etdi: "Şatdaun" olmayacaq?
- İŞİD-in lideri məhv edildi
- ABŞ Budapeştə "Qazprombank"la bağlı güzəştə gedib
- ABŞ Suriyanın yeni hakimiyyət orqanları ilə sanksiyaların ləğvini müzakirə edib