Oxu.Az-ın “Oyundan kənar” rubrikasının bugünkü qonağı paralimpiya, cüdo üzrə Avropa və dünya çempionu Ramin İbrahimovdur.
- İdmanı hər şeydən üstün tutan Ramin əslində kimdir?
- Mən qərbi Azərbaycanda doğulmuşam. Atam fəhləliklə məşğul idi, bizə nəsə etmək üçün gecə-gündüz çalışırdı. Kasıb olmağımıza baxmayaraq əziyyəti yerdə qalmadı, oxuduq nəsə edə bildik. Həmişə idmanda hansısa nailiyyətimin olmasını istəyirdi.
10 yaşım olanda Bakıya gəlmişəm. İlk olaraq akrobatika idman növü ilə məşğul olmuşam. İki il akrobatika ilə məşğul oldum. Daha sonra sambo ilə məşğul olmuşam, 3 qat Avropa çempionu olmuşam. Hal-hazırda da samboyla məşğulam. İlk müəllimim Şahlar Mustafayev olub.
İndi də həm Tərlan Poladov, həm də Şahlar müəllim mənim məşqçilərimdi. Cüdo ilə məşğul olurdum, cüdo üzrə turnirlərin qalibi olmuşam.
2006-cı ildən paralimpiyaya keçdim – gözdən əlillər qrupuna.
- Bildiyimə görə dərslərini yaxşı oxumurdun?
- Oxuyurdum, amma dərslərə az vaxt tapırdım. Hətta iki dəfə məktəbdən qovulmuşdum. Həmin vaxt idmanla məşğul olduğum vaxtlar idi və fikrim ancaq idmanda idi. Ona görə dərslərə getmirdim. Nəticədə məktəbdən qovuldum, həmin vaxt samboda iki dəfə Avropa çempionu oldum. Sonra məni məktəbə çağırdılar, güllə-çiçəklə qarşılayıb fəxrimizsən dedilər.
- İnsan üçün ən əsas sağlamlıqdı və buna hər zaman ehtiyacımız var, amma sən bunlara əməl etmədin. Həkimlər sənə idmana davam etməyə icazə vermirdi, sən isə..?
- Bəli, səhhətimdəki problemlər məni narahat edirdi. Neçə ildir idmanla məşğul oluram, birdən-birə idmana üz çevirib gedə bilməzdim. Həkimlər mənə əgər davam etsən kor olarsan dedilər, gözlərimin zəifliyi vardı, getdikcə daha da zəiflədi. Ağır məşqlər olduqca daha da çətin olur təbii ki, amma mən idmandan uzaqlaşmadım, davam elədim, çox çalışdım, əziyyət çəkdim.
- Hansı iş olur-olsun o iş sağlamlıqdan önəmli deyil. Peşmançılıq varmı?
- Düzdü, heç bir iş sağlamlıqdan önəmli ola bilməz. Amma heç bir zaman peşman olmadım, əksinə fəxr edirəm ki, idmandayam. Hal-hazırda yaxşıyam, məşqlərimi davamlı edirəm.
- Bu yaxınlarda sosial şəbəkədə bir status yazmışdın. Nədən, kimdən gileylisən?
- Bəli, hətta yazmışdım ki, bəzi nazirlərlə nə güləşərdim...
- Niyə? Səbəb?
- Çünki özüm haqsızlığı sevmirəm, amma haqsızlıqla qarşılaşıram. Mənə qarşı haqsızlıq edilir.
İdmançı əziyyət çəkirsə haqqını vermək lazımdır. Haqqını vermirsizsə, söyləyin ki, sizin haqqınızı özümüz götürürük. Ya zənglərə cavab verməyəcəklər, ya Bakıda deyillər, ya da hər şey yaxşı olacaq deyirlər. Əzbərləmişəm bu sözləri...
- Ramin, söhbət kimlərdən gedir?
- Təbii ki, Gənclər və İdman Nazirliyinin bəzi rəsmilərindən...
Neçə illərdir ki, idmanla məşğulam, əziyyət çəkirəm, dünya, Avropa çempionuyam, amma mənə verilən diqqət budur?!
İlk olaraq mənə verilən evdən danışım, əgər ona “ev” demək olarsa...
Dünya malında gözüm yoxdur, amma adama təsir edir. Gəl, bir bax, sən o evdə qala bilərsən? Binadı, binanı tikən adam vəfat edib və bina yiyəsizdi. Nə su verilib, nə işıq. Soruşanda da deyirlər ki, bilinmir bu binanın aqibəti necə olacaq?! Ev elə bir ərazidə yerləşir ki, gərək gəlib özünüz görəsiniz.
Bu söhbət bir qırağa... Nazirliyə gedirəm, nə rəsmiləri cavab verir, nə də kimsə səni gördüm deyir. Mirkamil müəllimin yanına gedirəm deyir get, yaxşı olacaq. Bu yaxşının axırı olmalıdı, ya yox? Hanı yaxşı? Siz yaxşı nəyə deyirsiz?
Daha sonra mənə zal lazımdı, idman zalı istəyirəm. O qədər istedadlı uşaqlarımız var, itib-batmasın. Təbii ki bunu da öz hesabımıza edəcəyik, sadəcə bizə icazə lazımdı, amma İcra Hakimiyyətinin rəsmisi olan Akif Abdullayevi tapa bilmirik, qəbuluna düşə bilmirik.
O vəzifədə olan insanlar bizi dinləməlidirlər, qəbul etməlidirlər, amma əksinədir.
Dedilər xəstədi, gələcək. İki ay keçib, amma Akif müəllimdən nə səs var, nə soraq.
- Sonuncu dəfə nə vaxt müraciət etmisən? Bəlkə yenidən müraciət edəsən?
- Bu yaxınlarda müraciət etmişəm, amma nə fayda?! Belə baxanda 5-6 nəfər olimpiya çempionu, 5-6 nəfər də paralimpiyaçı var. Bunlara diqqət göstərmək bu qədər çətindirmi?
Legionerlərə edilən hörmət, qayğı bizlərə göstərilsəydi nə xoş olardı... Onların da iki gözü, iki ayağı var bizim də. Legionerlərdən nəyimiz əskikdi anlamıram.
- Heçmi işi yaxşı olan siyasətçi, məmur yoxdu?
- Təbii ki, var. Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov. Bizə rəhbərlik etdiyinə görə demirəm, çox səmimi deyirəm ki, bu insan bizim hər problemimiz ilə maraqlanır. İdmançıya necə diqqət göstərdiyini gərək hamı görsün. Hamının işi var, başı qarışıq olur, amma İlqar müəllim işindən qabaq biz idmançılarla maraqlanır, problemimizi öyrənir.
- İdmanla bağlı başqa hansı işlə məşğulsan?
- Heç bir işim yoxdu, sadəcə idman, hər gün məşq və yarışlara hazırlıq. İstərdim ki, zal olsun və biz orda fəaliyyət göstərək, idmanımızı inkişaf etdirək.
Biz idmançılara cənab prezidentin qayğısı göz önündədir. O, hər zaman idmançılara dəstəkdi, dayaqdı. Biz idmançılar cənab prezidentə hər zaman borcluyuq.
Nərmin Kazımova
www.oxu.az