Oxu.Az-ın “Uğurun tarixi” layihəsinin növbəti qonağı Azərbaycan AUKAA-nın digər üzvü Ramin Quliyevdir.
- Ramin, layihəmizin adını bilirsiniz?
- Bəli, “Uğurun tarixi”.
- Məqsədimiz oxuculara müsahibimizin uğurlarını təqdim etməkdir…
- Həyat yolumu şişirdib, uğur kimi təqdim edənlərdən deyiləm.
- Oxucularımız qərar versin ki, sizi uğurlu gənc hesab etmək olar, ya olmaz.
- Razıyam.
- AUKAA ilə yollarınız nə zaman kəsişib?
- 2012-ci ildə AUKAA ilə tanış oldum. Bildiyiniz kimi bu təşkilat İngiltərə məzunlarının birliyidir. Mən də 2011-2012-ci illərdə Dövlət Neft Şirkətinin hesabına İngiltərədə təhsil almışam.
- Hansı universitetdə?
- Southampton Universitetində magistratura təhsili almışam. Qayıtdıqdan sonra da Neft Şirkətində çalışıram. Hazırda Neft Şirkətində 100-dən çox xaricdə təhsil alan məzunun 80 faizi İngiltərədə təhsil alıb. Elə onların vasitəsilə AUKAA-ya gəldim. İlk tədbirdə təşkilatın ictimaiyyətdə daha çox tanınması üçün layihələr müzakirə olunurdu.
Bununla bağlı bir event təşkil olunmuşdu və mən də dostlarım tərəfindən dəvət edilmişdim. İlk tanışlıq belə başladı. Xatırlayıram ki, ikinci görüşdə isə təhsillə bağlı təklif paketi hazırlanırdı. Elə bu vasitə ilə təşkilatın daha praktiki cəhətdən tanıdılması istənilirdi. Məni təşkilatın aktiv üzvü saymaq olarmı, bilmirəm.
Çünki son 7 aydır bir layihə ilə bağlı İtaliyada yaşayırdım. Amma təşkilatın illik yığıncağında və Təhsil Nazirliyinə təhsillə bağlı təklif paketinin hazırlanmasında iştirak etmişəm. Təhsillə bağlı təkliflərin verilməsi mənim üçün çox maraqlı idi. Çünki mən iki universitetdə dərs deyirəm.
- Deməli müsahibim həm də müəllimdir… Hansı universitetlərdə dərs deyirsiniz?
- Xəzər Universitetində bakalavrlara, Azərbaycan Universitetində magistrantlara dərs deyirəm.
- Neçə ildir müəllimlik edirsiniz?
- İki.
- Bu SOCAR-da işlərinizə mane olmur?
- Əksinə, yardımçı olur. İngiltərədən qayıtdıqdan sonra “Azəriqaz” İstehsalat Birliyində çalışırdım. Orada isə aldığım təhsildən yararlana bilmirdim. Eyni zamanda ingilis dili istifadə olunmurdu. Dil biliyimi itirməmək və yararlı olmaq üçün Xəzər Universitetində dərs demək qərarı verdim.
6 aydan sonra isə SOCAR-Foster Wheeler Engineering MMC-də çalışmağa başladım. Bu şirkət ölkədə yerli kadrların hazırlanması üçün yaradılıb. İş yerimdən çox razıyam. Hesab edirəm ki, ixtisas, iş yerinin seçimindən daha önəmlisi menecer seçimidir. Mənim də bu məsələdə bəxtim gətirib.
- Ramin, mənə maraqlıdır ki, 23 yaşında müəllim olmaq necə hissdir? Tələbələriniz təxminən həmyaşıdlarınızdır. Onlar tərəfindən ciddi qəbul edilməyə bilərdiniz.
- İlk dərs günü auditoriyaya daxil olan zaman qız tələbələrin gülüşü ilə qarşılaşdım. O an sözün əsl mənasında pərt olmuşdum. Amma əsas olan sevdiyiniz işi görməkdir. Bunu sevərək ən yaxşı şəkildə etsəniz, heç bir problem yaşanmayacaq.
- Amma təcrübəniz də yox idi…
- Artıq var. Tələbələr də məndən narazı deyil.
- Bəs siz tələbələrinizdən razısınızmı? Aydındır ki, Azərbaycandakı təhsil sistemi ilə İngiltərə təhsil sistemi arasında böyük fərq var. Orada öyrəndiklərinizi, dərs üslubunu istəsəniz də burada tətbiq etmək çətindir…
- Haqlısınız. Amma onu qeyd edim ki, Xəzər Universitetində vəziyyət bir qədər fərqlidir. Müəllimlərin əksəriyyəti xaricdə təhsil alıb. Lakin Azərbaycanda orta təhsili bitirib universitetə daxil olan gəncə İngiltərə təhsil sistemi ilə dərs demək ağır olar.
- Yəqin sizə də İngiltərədə təhsil almaq çox ağır olub…
- İlk vaxtlar oradakı təhsil sistemi mənə də ağır gəlirdi. Hətta elə günlər oldu ki, hər şeyi qoyub, geri qayıtmaq istəyirdim. Bu hiss xaricdə təhsil alan gənclərin əksəriyyətində olur. Çoxu bunu bildirmək istəmir. Tamam fərqli mühit, ağır dərs qrafiki və s. gözümüzü qorxudurdu.
- Nə sizi geri qayıtmağa qoymadı?
- Məsuliyyət hissi. Bir neçə şəxsin qarşısında məsuliyyət daşıyırdım. Eyni zamanda xaricdə təhsil almağım atamın da arzusu olub. Azərbaycanda universitetə daxil olan andan atam xaricdə təhsil almağımı məsləhət görürdü.
- Bəs siz niyə ilk təhsilinizi burada aldınız?
- Çünki o zamankı düşüncə tərzim fərqli idi. Düşünürdüm ki, bir neçə obyekt açıb işlədərəm, pulumu qazanaram. Bu tam azərbaycanlı düşüncəsidir. Lakin sonradan mühitim dəyişdi və bununla da düşüncə tərzim dəyişməyə başladı.
Əslində xaricdə təhsil almağımda böyük rolu olan insan sinif yoldaşım olub. Düzü, onun bundan xəbəri belə yoxdur. İlk dəfə Türkiyəyə gedəndə təklif etdi ki, hazırlaşıb elə təhsilimizi xaricdə alaq. Bu fikir ağlıma batdı. Başladıq hazırlaşmağa, amma qısa müddətdən sonra o fikrindən daşındı. Evləndi və başqa qayğıları yarandı. Mən isə davam etdirdim.
Orta məktəbdə göstəricilərim həmişə yüksək olub. Valideynlərimin də təsiri böyük olub, onlar hər zaman mənə istiqamət veriblər. Onların mövqeyi güclü olmasa idi bəlkə, mən tamam fərqli həyat yaşayardım. Elə bu məsuliyyət hissi geri qayıtmağa qoymadı. Amma dediyim kimi şərait ağır idi.
- Nə daha çox ağır gəlirdi?
- Məsələn orada axşam saat 11-dən sonra açıq kafe tapmaq çətindir. Saat axşam 9-da hər yer bağlanır. Yəni axşam çay bir kənara, sakitlikdə oturub kofe içmək mümkün deyil. Yeri gəlmişkən, çaylarının, yeməklərinin dadı yoxdur.
- Nə ilə qidalanırdınız?
- Türk dönəri ilə və bir də portuqal restoranı vardı, tez-tez oraya baş çəkirdim. Dostlarımın çoxu türk və yunanlı idi.
- İtalyan mətbəxi necə, xoşunuza gəlir? Bir müddət də orada yaşadığınızı dediniz…
- İngiltərə ilə müqayisədə İtalyan mətbəxi daha yaxşıdır. Amma Azərbaycanın mətbəxi qədər dadlı ikinci mətbəx yoxdur.
- İngiltərədə yeməkdən başqa nə probleminiz vardı?
- Tədris problemi vardı. Mən orada bir çox sahəyə 0-dan başladım. Bir dərsi dəfələrlə oxuyurdum. Başa düşmək çətin idi. İlk vaxtlar dərslərə adaptasiya olmaqla keçirdim, həm də ingilis həyat tərzinə alışmağa çalışırdım.
- İngiltərəni gəzmək imkanınız oldumu?
- 1 ildə yalnız üç şəhərində oldum. Londonda yeni ili qarşıladıq. Yeni il İngiltərədə tam fərqli keçir. Gecə atəşfəşanlığı izləməyə getdik. Səhər artıq evdə olanda səsim çıxmırdı. Ətrafındakı insanların qışqırığı səni də qışqırmağa vadar edir. Beləcə bir il keçdi. Qayıtdım. Mən özüm uzun müddət xaricdə yaşaya bilmirəm. Buradakı həyat tərzinə öyrəşmişəm, darıxıram.
- Ən çox nə üçün darıxırsınız?
- Yeməkləri üçün.
- Ramin, qayıdıb SOCAR-da çalışmağa davam etdiyinizi dediniz. Digər dövlət qurumları ilə müqayisədə sizin kimi xaricdə təhsil alıb qayıdan əksər gənclər SOCAR-da çalımağa üstünlük verir. Ya da xarici şirkətlərdə işləyir. Amma o gənclərin fikirlərinə, üslublarına dövlət qurumlarında daha çox ehtiyac var…
- Razıyam. Amma bilirsiniz ki, əməkhaqqı insan üçün birinci dərəcəli motivasiyadır. Dövlət qurumlarında isə əməkhaqqı aşağıdır.
Bilirsiniz, işlədiyimiz yer bizi dəyişmək gücünə malikdir. Məsələn mən işlədiyim yerdən, şəraitdən asılı olaraq dəyişmişəm. Sizdən daha təcrübəli insanları gördükcə onlardan müsbət xüsusiyyətləri yaxşı mənada mənimsəyirsiniz. Bu səbəbdən də iş yeri doğru seçilməlidir.
- Hansı köklü dəyişiklik hiss edirsiniz özünüzdə?
- İnsan üçün ən yaxşı müqayisə keçmişi ilə bu günüdür. Əgər keçmişinlə müqayisədə dəyişməmisənsə, deməli uduzmusan. Stabillik hər zaman müsbət hal deyil. Mən uzun müddətdir Bavariya futbol klubunun azarkeşiyəm.
Öncələr saytlarına tez-tez daxil olub, futbolçularla bağlı məlumatlar oxuyurdum. Hər futbolçu öz profilində müəyyən fikirlərini yazmışdı. Bir futbolçu yazmışdı ki, sənin səhvlərinin üzərində öyrənirəm. Məncə də öz səhvlərindən nəticə çıxarmaqla yanaşı, digərlərinin səhvləri də bizə dərs olmalıdır.
- Futbolu izləməyi sevirsiniz, ya oynamağı?
- Hər ikisini.
- Son dəfə hansı komandaların oyununu canlı izləmisiniz?
- Yaxşı sualdır. Səhv etmirəmsə, 5 il əvvəl Azərbaycan-Almaniya komandalarının oyununu stadiondan izləmişəm. Məncə bu oyunun nəticəsini hamı xatırlayır.
Sədan Bünyadova
Fotoqraf: Nüsrət Abdullayev
www.oxu.az