Oxu.Az məşhur azərbaycanlı müəllif, publisist və jurnalist Rəna Yüzbaşi ilə müsahibəni təqdim edir.
- Rəna xanım, mənə məlum olduğu qədər siz müəyyən müddət Moskvada yaşamısız. Nəyə görə siz yaşamaq üçün dünyanın müxtəlif şəhərləri içində məhz Rusiya Federasiyasının paytaxtını seçmisiniz?
- Mən 2012-ci ilə qədər Moskvada yaşamışam. Bu, uzun illər öncə olduğu üçün o dövrdə məni buna nəyin sövq etdiyini xatırlamıram. Yeni təcrübə əldə etmək istəyirdim, yeni atmosferə qərq olmaq, özüm üçün başqa bir şəhəri kəşf etmək istəyirdim, Moskva məhz belə şəhər oldu. Niyə məhz bu şəhər?
Birincisi, mənə rus dilində danışmaq daha asandır, mən əsərlərimi də rus dilində yazırdım. İkincisi, Moskva nəhəng meqapolisdir, o, öz sakinlərinə, xüsusilə də yaradıcılıq ilə məşğul olan insana özünü realizə üçün imkanlar verir.
- Rəna xanım, siz öz əsərlərinizi rus dilində yazırsız. Rus dilinə qarşı çıxış edən, rus mədəniyyətini təkzib edən və Bakıda rus bölməsinin saxlanılmasına ehtiyac görməyən azərbaycanlılar ilə dialoqda rus mədəniyyətinin müdafiəsi üçün hansı arqumenti gətirərdiniz?
- Gəlin ondan başlayaq ki, mən artıq 4 ildir ki, yazıçı fəaliyyətindən uzaqlaşmışam, və hal-hazırda biznesə diqqət yönəltmişəm. Qeyd etmək istərdim ki, özümü yazıçı hesab etmirəm, çünki rus dili “yazıçı” sözü üçün çox yüksək meyarlar təyin edib, ona nail olmaq üçün illərlə inadkar əmək sərf etmək lazımdır. Özümü bəzilərinin çap edildiyi bir neçə əsərin müəllifi adlandıra bilərəm. Qeyd edim ki, ən populyarı “Skinxed”dir.
Suala gəldikdə isə demək istərdim ki, dünyada heç bir xalqın mədəniyyətinin müdafiəyə ehtiyacı yoxdur, istər rus, istər Azərbaycan və ya ingilis mədəniyyəti olsun, müdafiəyə ehtiyacı yoxdur. Çünki mədəniyyət özünü təqdim edən, müdafiə edən və özü haqqında danışan anlayışdır. Ona görə də rus mədəniyyətini də müdafiə etmək lazım deyil.
O, uzun əsrlər boyu yaranıb. Ola bilər ki, o, ingilis və ya şumer ədəbiyyatı kimi qədim deyil, amma əla və tam olaraq formalaşıb.
Mədəniyyəti müdafiə etmək qəribə səslənir (gülür).
Rus bölməsinin saxlanılması və ya ləğv edilməsinə gəldikdə isə özümü hansı qrupa - “lehinə” və ya “əleyhinə” olanlara aid edəcəyimi bilmirəm. Mən bu haqda tez-tez düşünürəm, amma birmənalı fikrə gəlməmişəm. Bu məsələ üzrə cəmiyyətimizin nümayəndələrinin fikri kəskin şəkildə fərqlənir.

Əgər qızğın müzakirələr gedirsə, deməli mövzu dərindir. Öz tərəfimdən deyə bilərəm ki, bu məsələ üzrə qəti və birmənalı çıxış edə bilmirəm, istənilən islahatın aparılması isə düzgün yanaşma, hazırlanmış model və müəyyən zaman tələb edir.
Mən klassik təhsilin faydalı olduğunu görürəm, və onun hansı dildə verildiyi vacib deyil. Əgər rus dilindədirsə yaxşıdır, Azərbaycan dilindədirsə əladır, ingilis dilində isə ümumiyyətlə, əla olardı. Axı bu gün ingilis dili ümumi ünsiyyət, kompüter, internet, mümkün texnoloji yeniliklər, terminologiyalar, dünya ədəbiyyatı və s. dilidir. Mən dildən asılı olmayaraq yaxşı təhsilin tərəfdarıyam. Bu məsələdə əsas olan keyfiyyətdir!
- Biz bu məsələyə toxunmaya bilmərik, axı gənc nəsil ölkənin gələcəyidir, bu isə məsələyə ciddi yanaşma tələb edir. Amma bugünkü abituriyentlər Azərbaycandan çox xaricdə, hətta qonşu Türkiyədə təhsil almağa üstünlük verirlər. Görəsən, yerli təhsil ilə vəziyyət bu qədər pisdir?
- Mən deməzdim ki, azərbaycanlı tələbələr yerli təhsildən narazı olduqları üçün xaricdə təhsil almağa yollanırlar. Məncə onlar yeni ölkələr kəşf etmək arzusu ilə bunu edirlər, dünyanı tanımaq, digər mədəniyyətlər ilə tanış olmaq, maraqlı tanışlar tapmaq, səyahət etməyə başlamaq və nəhayət, özünü tapmaq istəyirlər (gülümsəyir).
Axı 17 yaşında ikən seçilmiş peşə 27 yaşında dəyişdirilə bilər. Bir çox amerikalı tələbələr Avropada təhsil almağa üstünlük verirlər. Məncə yaxşı təhsil özünə sual vermək və bu suala cavab tapmaq qabiliyyətidir.

- Necə düşünürsüz, ingilis üçün öz doğma Oksford və Kembricini bitirmək daha prestijli olacaq, yoxsa o, xaricdə təhsil almaq istəyəcək?
- Bu, mübahisəli sualdır. Əlbəttə, bu universitetlər dünyada ən yaxşı universitetlərdəndir, amma bir çox ingilislər, məsələn, ABŞ-ın Massaçusets texnoloji universitetinə yollanırlar, bu universitet dünya texnoloji kadrlarının ocağı hesab edilir. Əlbəttə, mən bizdə problemin olmadığını demirəm. Onlar təbii ki var, amma dünya universitetləri də səhvsiz deyil.
Azərbaycan çoxsaylı problemlərlə üzləşən gənc ölkədir, amma bu, təbii prosesdir. Və təhsil bu halda istisna deyil, amma hər şey ilk baxışdan göründüyü qədər pis deyil. Qeyd etmək istərdim ki, son zamanlar Azərbaycanın regionlarından olan uşaqlar yüksək bal yığırlar, çünki onların valideynləri onlarla məşğul olurlar, çünki onların gələcəyi valideynləri üçün əhəmiyyətsiz deyil.
İndi həyatda çox şeyə nail olmaq istəyən məqsədyönlü uşaqların sayı artıb. Bu məsələdə ailənin rolu əvəzedilməzdir. Öz misalımda demək istərdim ki, mən suallar da verə bilirəm, onlara cavab da tapıram, valideynlərim mənim təhsilimlə hər zaman məşğul olublar, mənə hər zaman maraqlı kitablar verirdilər, bizdə evdə hər zaman müxtəlif mövzularda müzakirələr aparılırdı, bu isə mənim və bacılarımın intellektual inkişafında öz əksini tapmalı idi.
- Siz qeyd etdiniz ki, dünyanın müxtəlif guşələrindən olan tələbələr, özünü bir nömrəli təhsil müəssisəsi kimi təsdiqləmiş universitetə axışırlar. Bu istiqamətdə bir şey bilmək istərdim: xarici tələbələr arasında Azərbaycanda təhsil almaq istəyənlər varmı?
- Əminliklə “Bəli!” deyə bilərəm. Müəyyən bir müddət ərzində doğma Bakı Dövlət Universitetində (BDU) dərs demişəm, və orada xarici tələbələr görmüşəm, bu, çox xoş idi. Ola bilər ki, onların sayı istədiyimiz qədər çox deyil. Onların hərəsinin bir parça Azərbaycanı özü ilə aparmağı sevindirici haldır, bizim halımızda bu, burada alınmış təhsildir. BDU-nun Cənubi Qafqazda birinci universitet olduğunu qeyd etməyə bilmərəm, amma təəssüf ki, onun yaşı Oksford və ya Harvard qədər çox deyil.
İnanmaq istəyirəm ki, mənim doğma universitetim gələcəkdə xarici tələbələr arasında prioritet olacaq, və onun da məsələn, Oksfordun yaşı qədər yaşı olacaq. Düşünürəm ki, hər şey buna doğru gedir.
- Siz dediniz ki, tərbiyədə birinci dərəcəli rol valideynlərə məxsusdur, amma bəzən tərbiyə ilə məktəbin məşğul olmalı olduğunu eşidirik. Bu barədə nə düşünürsünüz?
- Şübhəsiz! Cəmiyyətin layiqli üzvünü tərbiyə etmək valideynlərin öndə gedən vəzifəsidir. Mənim fikrimcə, valideynlər üçün ikinci dərəcəli vəzifə uşağa yaxşı təhsil vermək və bu təhsili almaq üçün mümkün şəraiti yaratmaqdır.
Şəxsiyyətin tərbiyəsini mən valideynlərin və məktəbin birgə işində görürəm. Mən uşaqlarının tərbiyəsi üçün məsuliyyəti məktəbin üzərinə qoyanda başa düşmürəm. Bəziləri hesab edir ki, onların cavabdehliyi maddi təminatla bitir! Bunun düzgün yanaşma olmadığını düşünürəm. Bu, heç də məsuliyyətli yanaşma deyil.

- Azərbaycanda tərbiyə həmişə prioritet məsələ olub və hər zaman öz bəhrəsini verib. Amma bu gün bu məsələ bir çox mübahisə və təzadlar yaradır. Necə düşünürsüz, əgər ahıl yaşında insan qocalar evində olursa, deməli o, övladını düzgün tərbiyə etməyib? Mən bizim Azərbaycan cəmiyyətini nəzərdə tuturam?
- İnsan qocalar evinə düşürsə bu, faciədir. Mən bir qoca tanıyıram, uşaqları ondan imtina edib. Bu hadisə mənim ürəyimi parçalayır. Ahıl valideynlərin övladları tərəfindən atılmağı çəkilməz ağrıdır. Bu məsələdə kimisə birmənalı şəkildə günahlandırmaq çətindir, çünki səbəblər fərqli ola bilər. Dəqiq səbəbləri bilmədən çıxarışlar etmək olmaz, bu, düzgün deyil. Burada hər halın fərdi araşdırmaya və təhlilə ehtiyacı var.
Mən pis övladları olan gözəl valideynlər tanıyıram. Bununla yanaşı, valideynlərinin imtina etdiyi uşağın gələcəkdə onları taparaq olduğu kimi qəbul edən, onları sevən uşaqlar da var. Bu, mürəkkəbdir. Bu, taledir. Burada nəyi isə öncədən demək çətindir, vaxtından öncə edilmiş çıxarışlar isə heç də hər zaman doğru olmur.
Mən “oğrunun övladı mütləq oğru olmalıdır” fikri ilə qətiyyən razı deyiləm. Bu, insan təbiətinə təhqirdir və bu stereotiplər dağılmalıdır. Uşaqlar öz valideynləri üçün cavabdeh deyillər və onlara damğa vurmaq qəddarcasına və yanlışdır. Suala qayıdaraq yaşlı adamın, məsələn, psixi pozğunluq və s. zamanı həm ətrafdakılar, həm də özü üçün təhlükə daşıdığını ehtimal edirəm.
Bu gün qocalar evlərinin vəziyyətlərinə baxdıqda ürəyim sıxılır. Mənim bu vəziyyətə düşən uşaqlara da, yaşlılara da yazığım gəlir, amma bu məsələdə ümumiləşdirməyə yol vermək olmaz.

- Bu gün Azərbaycanda qalereya, muzey və sərgi salonlarının sayı ildən-ilə artır. Necə düşünürsüz, niyə bu insanların mənəvi inkişafına lazımi təsiri göstərmir? Niyə ora məhz eyni insanlar gedir?
- Ölkənin mədəni həyatının inkişafı sevindirməyə bilməz. Praktiki olaraq eyni adamlardan ibarət olan auditoriyaya gəldikdə isə mən bunu normal hesab edirəm. Bu tendensiya bütün dünyada müşahidə edilir. Məsələn, müasir incəsənəti hamı sevə bilməz.
İnsanların mədəni tədbirlərə getdikləri sevindirici haldır. Doğrudur onların ildən-ilə daha çox olmasını istərdim. Amma unutmaq olmaz ki, kobud desək, məcburi kino və ya teatra “dartıb” apara bilmərik.
İncəsənətə məhəbbət qəlblərdə olmalıdır. Sovet dövründə Mədəniyyət sarayına kimsə gələndə fabrikin direktoruna işçiləri ilə zalı doldurması haqqında göstəriş verilirdi. Bu gün zaman başqadır.
Məsələn, məni baletə baxmağa məcbur edə bilməzsiniz, çünki onu sevmirəm, bununla da heç nə edə bilmirəm. Məni balet çəkmir, baxmayaraq ki, baleti dünyada böyük sayda insan zövqlə izləyir. Mən daha çox operanı sevirəm, xüsusilə də bizim Azərbaycan operasını.

Bizim gözəl opera sənət məktəbimiz, dünya səviyyəsinə çıxmış və vətənimizi dünyada tanıdan ifaçılarımız var. Məsələn, dünya miqyaslı ulduzumuz Elçin Əzizov, o Rusiya Böyük teatrında solist olan və ABŞ-da Metropoliten-operanın səhnəsində çıxış edən ilk azərbaycanlıdır. Bu siyahını davam etmək olar. İncəsənət məni riqqətə gətirir və ilham verir.
Opera və Balet teatrımızın insanlarla dolu olması sevindirici haldır. Bu təsvir insanı sevindirməyə bilməz. Məsələn, mən əfsanəvi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operasının quruluşunu izləmişəm və hər dəfə zalda anşlaq olub.
- Necə düşünürsüz, daha çox sayda həmvətənimizə incəsənətə məhəbbəti necə aşılamaq olar?
- Məsələn, gənc rəssamların və hətta uşaqların sərgilərini belə yalnız gənc müəlliflərin valideynləri, dostları və qonşuları deyil, eləcə də gənc müəlliflərin yaradıcılığı ilə maraqlananlar da ziyarət edir. Çox zaman valideynlər rəsm sərgilərinə uşaqları ilə bərabər gəlirlər və onlara hələ erkən yaşlarında incəsənətə məhəbbəti aşılamağa çalışırlar, bu isə çox vacibdir.
- Mədəniyyətin münaqişəli olan xalqlar, ölkələr və dövlətlər arasında sülhməramlı qüvvə kimi çıxış etməyə qadir olmasını tez-tez eşidirik. Necə düşünürsüz, həqiqətən mədəniyyət düşmən xalqları yaxınlaşdıra bilərmi? Əgər bilərsə, necə?
- Əlbəttə, bu ifadəni biz çoxdan eşidirik, amma müəyyən məqamları vurğulamaq lazımdır. İkinci dünya müharibəsinin qızğın vaxtında Stalinqrad uğrunda döyüşlər zamanı sovet qoşunlarının əsgərlərinin Hötenin “Faust” əsərini və ya Tolstoyun “Hərb və sülh” əsərlərini oxuyaraq heyran olduqlarını və bir-birinə yaxınlaşdıqlarını təsəvvür etmək çətindir.
Əlbəttə, real həyatda belə şey ola bilməz. Bütün məsələlər həll olunduqda, sülh və kapitulyasiya haqqında sənəd imzalandıqdan sonra, illər keçir və mədəniyyət bir müddət öncə düşmənçilik edən xalqların yavaş-yavaş yaxınlaşması üçün körpü ola bilər. Onilliklər keçdikdən, yeni nəsil böyüdükdən sonra mədəniyyət xalqları yaxınlaşdıra bilər, bəlkə də bilməz. Bu, vəziyyətdən asılıdır. Amma münaqişənin qızğın vaxtında və döyüşlər zamanı mədəniyyətə çətin ki, ümid etmək mümkün olsun.

- Biz tez-tez eşidirik ki, vətənpərvərlik şəxsi bir şeydir, onu nümayişkəranə göstərmək olmaz, amma bəzən tamamilə əksinə olan bir mənzərənin şahidi oluruq. Necə düşünürsüz, əsl vətənpərvərlik nədə təzahür etməlidir?
- Hər bir insan öz yolunu müstəqil olaraq seçir. Mən öz həyat yoldaşlarını səmimi qəlbdən sevən, amma bu hissi hamının yanında heç bir zaman nümayiş etdirməyən kişilər tanıyıram. Məsələn, onların hamının önündə sevimli arvadının əlindən tutması və ya öpməsi qeyri-mümkündür, digərləri isə bunu çox rahatlıqla edirlər, hisslərini büruzə verirlər. Bu, fərdi yanaşmadır.
Kimin üçün isə Vətənə məhəbbət dərin, şəxsi bir şeydir, onu heç kimə göstərmək istəmir. O, cəbhəyə gedə bilər, amma bunu səssiz edə bilər, yəni elan etmədən, özünə diqqət çəkmədən. Digəri isə əksinə, cəbhəyə gedərkən bu barədə hamının eşidəcəyi səslə qışqıracaq.
Məncə hər iki məfhumun həyatda yeri var. Düşünmürəm ki, birinci adam vətənini ikincidən daha çox sevir və ya əksinə. Əsas olan yekun nəticədir, davranış daha çox şey deyir, nəinki sözlər, mənim üçün insanın bunu gizlin və ya aşkar etməsi vacib deyil, əsas olan yekun nəticədir!

- Siz 21-ci əsr insanının texnologiyalar tərəfindən zəbt olunduğu və bizim telefondan bir dəqiqə belə ayrıla bilmədiyimiz fikri ilə razısız?
- Cənab Bell tərəfindən telefon icad olunduğu dövrdən insanların canlı ünsiyyətdən qaçacaqları, insanların bir-birindən ayrılacağı, yalnızlığa üstünlük verəcəkləri barədə və dünyanın sonu gələcəyi haqqında çox danışıldı. Bir sözlə, sivilizasiyanın üstündən xətt çəkildi.
Texnologiyalarda qorxulu heç nə yoxdu, mən şəxsən görmürəm. Biz əvvəlki kimi ünsiyyət qururuq, danışırıq, tədbirlərə gedirik, bu və ya digər məsələləri müzakirə edirik. Tezliklə bizim cəmiyyət mobil telefon xəstəliyindən azad olacaq və hər şey öz axarı ilə gedəcək.
Tarix boyu biz bütün yeniliklərin ajiotaj yaratdığını və hələ də yaradacağını görürük. Sivilizasiyamızın böyük gələcəyi var və mobil telefonlar onun inkişafına dəqiq nöqtə qoymayacaqlar.
- Deyirlər adamın çoxlu dostu olmur. Siz bununla razısız, və siz dost sözünə hans anlamı yükləyirsiniz?
- Qətiyyən! Əsl dost hər şeydə və hər zaman etibar edəcəyim biridir.
R.Q.
Foto: Nüsrət Abdullayev
www.oxu.az