Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Silahı yerə qoyan PKK terrorçularının aqibəti necə olacaq?
PKK terror təşkilatının özünü buraxması son günlər Türkiyə və dünya gündəmini zəbt edən əsas hadisələrdən biridir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da məsələyə münasibət bildirərək, terrorun, silahın, şiddətin, qeyri-qanuni fəaliyyətlərin dövrünün artıq bağlandığını bildirdi. Terrorçuların tərk-silah olunması prosesinə isə start verilib.
Bəs terror təşkilatının ləğvi Türkiyənin gələcəyi üçün hansı üstünlüklər vəd edir? Həmçinin bu, regionda və dünyada presedent yarada bilərmi? Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım Oxu.Az-ın suallarını cavablandırıb.
- Şamil bəy, PKK-nın ləğvi Türkiyənin bu günü və gələcəyi üçün nə qədər əhəmiyyətlidir? Hazırda bu istiqamətdə hansı tədbirlər görülür?
- PKK-nin ləğvi son bir neçə ay idi ki, Türkiyə gündəmini zəbt etmişdi. Nəhayət proses uğurla yekunlaşdı, terror təşkilatı özünü ləğv etdi. Təbii ki, Türkiyədə bunu hər kəs sevinc hissi ilə qarşılayır. Lakin bundan sonrakı dövr də mühüm əhəmiyyət daşıyır. Bu dövrdə terror təşkilatının nə qədər səmimi olub-olmadığı da məlum olacaq. Lakin hazırda görünən odur ki, Prezident Rəcəb Tayyib Ərdoğan, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı və DEM Partiyası nümayəndələrinin bu mövzu ilə bağlı verdiyi açıqlamalar, məsələyə xüsusi həssaslıqla yanaşmaları Türkiyədə çox yaxşı ab-hava yaradıb. İnşallah, bundan sonra qan tökülməyəcək, analarımız ağlamayacaqlar və Türkiyənin qaynaqları daha fərqli yerlərdə türk millətinə xidmətə sərf ediləcək.
86 milyon Türkiyə vətəndaşı olaraq bu prosesə çox ciddi əhəmiyyət veririk. Çünki sülhdə uduzmaq deyə bir şey yoxdur, ancaq qazanmaq var. Bu, bir qaydadır. Həqiqətən də, sülhün olduğu yerdə qardaşlıq, dostluq var. Türkiyənin son illərdə izlədiyi bu siyasət əvvəlcə daxilimizdə terror təşkilatının fəaliyyətini sona çatdırdı, qonşu ölkələrdə də bənzər hallar müşahidə olunur və nəticə etibarilə Türkiyəni regional lider rolunda görürük. Məhz Türkiyənin vasitəçiliyi ilə İstanbulda Rusiya-Ukrayna müharibəsində atəşkəsin əldə edilməsi gözlənilir, Hindistanla Pakistan arasında da atəşkəs yenə də Türkiyənin atdığı addımlarla mümkün oldu.
ABŞ Prezidenti Donald Tramp iqtidara gəldiyi gündən etibarən mütəmadi olaraq Türkiyənin fəaliyyətlərini təqdir edir. Təbii ki, bütün bunlar Türkiyənin son illərdə həm sülhə verdiyi töhfə, həm də müdafiə sənayesini inkişaf etdirməsi ilə paralel irəliləyir. Müzakirə edilən bu dövrü də türk milləti olaraq hökumət, parlament, vətəndaş cəmiyyəti və xalq olaraq ən yaxşı şəkildə birlikdə idarə edəcəyik.
- Cənab sədr, terror təşkilatının özünü buraxması regionda və ümumiyyətlə dünyada terrora qarşı mübarizəni aktivləşdirmək və hətta ləğv etmək istiqamətində presedent yarada bilər?
- Terror təşkilatının özünü buraxması və fəlsəfəsinə uyğun olaraq mübarizəsini siyasi-demokratik yollarla aparması daha məqsədəuyğundur. Bu, digər ölkələr üçün də nümunə sayılacaq bir addımdır. Bizim xilaskarımız, ulu öndərimiz Mustafa Kamal Atatürkün çox önəmli bir sözü var. Biz bütün dünyada bu sözün praktiki olaraq tətbiq edilməsini istəyirik: "Yurdda sülh, cahanda sülh". Çünki Türkiyəyə yaraşan da elə budur. Qırx il bu ölkəni qan gölünə çevirən, günahsız insanların ölümünə səbəb olan terror təşkilatı ilə danışıqlar aparmaq, bundan sonra da həmin təşkilatın özünü ləğv etməsi dövlətin böyüklüyüdür və dünya üçün nümunəvi addımdır.
- Terrorla mübarizədə Azərbaycanın da nümunəvi təcrübəsi oldu. Məlum olduğu kimi, Türkiyədən əvvəl Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi, 2023-cü ildə isə cəmi bir günlük lokal xarakterli antiterror tədbirləri ilə separatizmin, terrorun kökünü kəsdi, ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa edildi. Hətta bu cinayətlərdə iştirak edənlərin bir qismi bu gün Bakıda ədalət məhkəməsində mühakimə olunur.
- Türkiyə və Azərbaycan bir millətin iki dövlətidir. Azərbaycan 30 il işğal altında qalan torpaqlarını azad etmək üçün mübarizə apardı. Azərbaycan uzun illər çalışdı ki, sülh yolu ilə ərazilərini işğaldan azad etsin. Lakin Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qətnamələri icra etməyən, ikili standartlar ortaya qoyan bəzi dövlətlərin və təşkilatların qərəzli münasibəti ilə üzləşdi. Eləcə də işğal dövründə keçmiş Minsk qrupunun üç həmsədr ölkəsi - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransanın qərəzli mövqeyi İkinci Qarabağ müharibəsi və 3 000-ə yaxın Azərbaycan övladının şəhid olması ilə nəticələndi. Amma bu gün çox şükür ki, 44 günlük Vətən müharibəsi, daha sonra 24 saatlıq antiterror əməliyyatı ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Bu gün Azərbaycan suverenliyini bərpa edən ölkə olaraq Qafqazın parıldayan ulduzudur. Təbii ki, Azərbaycan xalqına qarşı cinayətlərdə iştirak edən hər kəs hakim qarşısına çıxarılacaq və cəzasını çəkəcək. Əslində, müharibə cinayətləri törədən ən böyük canilər bu gün Ermənistanda olan keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyandır. Onların da mühakimə olunması şərtdir. Təbii ki, bir gün bu da reallaşacaq.
- Azərbaycan üçün həllini gözləyən vacib məsələlərdən biri də Qərbi azərbaycanlıların geri qayıdışı ilə bağlıdır. Çünki Qarabağdan əvvəl Qərbi Azərbaycandan olan soydaşlarımız qətliamlara, deportasiyaya, irqi ayrı-seçkiliyə məruz qaldılar. Hazırda Qərbi azərbaycanlıların dədə-baba torpaqlarına ləyaqətli qayıdışı Azərbaycanın siyasi prioritetlərindəndir. Bu prosesin inkişafını necə görürsünüz?
- 1988-ci ildə 300 mindən çox Qərbi azərbaycanlı öz torpaqlarından qovuldu. Üstəlik, tarixə nəzər salanda bu torpaqların Azərbaycana məxsus olduğunu görürük. Amma Azərbaycan Ermənistana qarşı ərazi iddiası irəli sürmür, beynəlxalq hüquqa uyğun olaraq, vətəndaşlarının yurd-yuvalarına geri qayıtmasını istəyir. Türkiyə ilə Azərbaycan isə Şuşa Bəyannaməsi ilə münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldiblər. Bir millətin iki dövləti olaraq münasibətlərimiz ən yüksək səviyyədədir və hər zaman da iki dövlət gələcəyə birlikdə addımlayacaq, dünyada nümunəvi iki dövlət olaraq qalacaqlar.
- Son olaraq, ən çox diqqət mərkəzində olan sual budur ki, silahı yerə qoyan terrorçuların aqibəti necə olacaq?
- Bu barədə cənab prezidentimiz də öz fikrini bildirib. Milli Kəşfiyyat Təşkilatımız zəruri fəaliyyətləri həyata keçirir, silahların təhvil verilməsi, terrorçuların müəyyənləşdirilməsi və digər məsələlər növbəti proseslərdə məlum olacaq. Onsuz da, uzun zamandır bu istiqamətdə iş aparılır.
Mərahim Nəsib
"Şamil Ayrım" teqi üzrə xəbərlər
- Şamil Ayrım: "Qərbi azərbaycanlılar yurdlarına qaytarılana qədər bu məsələ aktual olmalıdır"
- Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
- Türkiyəli deputat: "Ermənistan öz konstitusiyasını dəyişməlidir"
- Şamil Ayrım: "Məqsəd odur ki, Qərbi azərbaycanlılar öz torpaqlarına ləyaqətlə qayıtsınlar"
- Şamil Ayrım: "COP29 Azərbaycanın yaşıl iqtisadiyyata keçiddə nümunəvi ölkə olmasına töhfə verəcək"