Bu gün Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyevin doğum günüdür.
Oxu.Az xəbər verir ki, Vahid Quliyev 20 sentyabr 1955-ci ildə Cəbrayıl rayonunun Qumlaq kəndində dünayaya göz açıb.
O, 1972-ci ildə Zəngilan rayonunda Hacallıkənd orta məktəbini bitirib.
1974-cü ildə ordu sıralarına çağırılıb. O, hərbi xidmətini Özbəkistan Respublikasında və Rusiyanın Obninsk şəhərində keçib. 1976-cı ildə hərbi xidmətini başa vurub, Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olub.
1981-ci ildə Universiteti bitirərək, təyinatla Laçın rayonunun Fərəcan kəndinə göndərilmişdir. 3 il burada müəllimlik etdikdən sonra Bakıya qayıdır və Azon Cihazqayırma Zavodunda sahə rəisi vəzifəsinə işə qəbul edilir. 1992-ci ilə qədər bu zavodda işləyib.
1992-ci ilin avqsustunda Qarabağda müharibənin qızğın vaxtlarında o, Yasamal rayon Hərbi Komissarlığına gələrək, cəbhəyə göndərilməsini xahiş edir.
Vahid Quliyev sentyabrın 7-də Ağdam istiqamətindən döyüşə girir. O, bu döyüşdə düşmənin bir tankını vurur.
Onu oktyabrın 14-də Qubadlıya göndərirlər. Burada da o, rəşadətlə vuruşur. Düşmənin bir neçə döyüş texnikasını və xeyli canlı qüvvəsini sıradan çıxarır.
8 fevral 1994-cü il… O, yenidən Ağdam döyüş bölgəsinə dönür. V.Quliyev xidmətə başlayan gündən atəşkəs elan olunana qədər düşmənin on zirehli texnikasını sıradan çıxarmışdı. Bunun səkkizi tank, ikisi isə PDM-dır (piyada döyüş maşını) idi.
O, 1996-cı ildə BDU-nun hərbi kafedrasında müəllim, 2000-ci ilin avqust ayından 2002-ci ilin oktyabr ayına qədər Azərbaycan Ali Hərbi Məktəbində baş müəllim kimi fəaliyyətini davam etdirib. 26 oktyabr 2002-ci ildə isə ordudan tərxis olunub.
Polkovnik-leytenant Vahid Quliyev hazırda Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində müəllim işləyir.
Ailəlidir. İki övlad atasıdır.
Azərbaycan Respublikası prezidentinin 9 noyabr 1994-cü il tarixli fərmanı ilə göstərdiyi şücaətlərə görə Vahid Həbibulla oğlu Quliyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.