15 
Okt
2018
10:07
98
4
2995
Virtual karabakh

Deputat: Ermənistanı “ağıllandırmaq” lazımdır

15 Okt, 2018
10:07
2995

Deputat: Ermənistanı “ağıllandırmaq” lazımdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarabağ münaqişəsinin yeganə həll yolu hərbi variantdır.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycanın keçmiş hərbi-sənaye kompleksinin rəhbəri, sabiq birinci vitse-premyer, millət vəkili Vahid Əhmədov deyib.

Millət vəkilinin dediyinə görə, artıq münaqişə 31-ci ilini başa vurmaq üzrədir və onun həlli istiqamətində hələlik ümidverici nəsə yoxdur.

V.Əhmədov deyib ki, nə işğalçı və təcavüzkar Ermənistan, nə ATƏT-in Minsk qrupu, nə də həmsədrlər institutu münaqişənin həllində maraqlıdır.

Millət vəkilinin sözlərinə görə, ötən illər ərzində Ermənistan sülh və danışıqlar prosesini istənilən vasitə ilə uzatmağa, əngəlləməyə və pozmağa çalışıb, hər cür təxribat əməllərinə əl atıb.

O bildirib ki, beynəlxalq birlik, münaqişə ilə bağlı dörd məlum qətnamə qəbul edən BMT Təhlükəsizlik Şurası, 20 ildən çoxdur fəaliyyət göstərən Minsk qrupu və həmsədrlər formatı Ermənistanın sülhü, təhlükəsizliyi təhdid edən əməllərini, pozuculuq, təxribatçılıq hərəkətlərini daim görməzdən gəliblər, bir çox hallarda işğalçı ilə işğala məruz qalanı eyniləşdirmək, quru bəyanatlar vermək yolunu tutublar.

“Əgər beynəlxalq birlik, o cümlədən, BMT və onun strukturları, ATƏT və onun təsisatları bu məsələdə indiyə qədər prinsipiallıq nümayiş etdirsəydilər, Ermənistanın əməllərinə ciddi reaksiya verib, onu cəzalandırsaydılar, münaqişə, bəlkə də, çoxdan həllin tapmış, Ermənistan sülhə gəlməyə məcbur olmuşdu.

Amma onlardan heç bir reaksiya, cəzalandırma olmadığı üçün Ermənistanın iştahı daha da artıb, aqressivliyi daha da güclənib. Odur ki, istər Petrosyan olsun, istər Koçaryan olsun, istər Sarkisyan olsun, istər Paşinyan olsun, istərsə də hansısa “yan” olsun, fərqi yoxdur, heç nə dəyişən deyil.

Biri gedəcək, biri gələcək, yenə həmin xətt qalacaq. Ona görə erməniləri və Ermənistanı “ağıllandırmağın”, sülhə gətirməyin yeganə yolu hərb variantıdır. 

Azərbaycan 2016-cı ilin aprel döyüşlərində, bu ilin yayında Cünnüt əməliyyatında nəyə qadir olduğunu və ola biləcəyini həm işğalçı dövlətə, həm onun açıq-gizli himayədarlarına, həm də bütün dünyaya nümayiş etdirib.

Azərbaycan dövləti və ordusu münaqişəni hərb yol ilə həll etməyə hazır və qadirdir. Özünüz də görürsünüz ki, Azərbaycanda ordu quruculuğuna necə ciddi diqqət yetirilir. Hər il ordunun büdcəsi artırılır.

Yaxınlarda dövlət büdcəsinin müzakirələri başlayır və çox güman ki, hərbi büdcədə yenə artımlar olacaq. Yəni, demək istəyirəm ki, münaqişəni hərb yolu ilə həll etmək üçün hər cür üstünlüklərə və hazırlıqlara malikik. Bəli, heç kim yenidən qan axıdılmasını, övladlarımızın şəhid olmasını istəmir. Hamı, yəni, xalqımız istəyir ki, münaqişə sülh yolu ilə həllini tapsın. Ancaq hər bir məsələnin həddi və sonu var. Ermənistana da bu hədd bildirilməlidir”, - deyə V.Əhmədov əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri