Prezident İlham Əliyev respublikamızı postsovet ölkəsi şkalasından çıxaraq yeni modern formada yüksək inkişaf proqnozları ilə irəliləyən güclü ölkə statusa malik olmasını təmin edib.
Onun Prinsipial və Qətiyyətli xarizması dərin elmi-siyasi məntiqə söykənir. Uzaqgörən siyasəti, düşünülmüş islahatlar kursu və müdrik qərarları zəngin siyasi Xəzinədən, Uca Zirvədən qaynaqlanır. Çünki o, Heydər Əliyev Siyasi Akademiyasında yetişmiş ən mükəmməl və bənzərsiz liderdir.
Oxu.Az xəbər verir ki, siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayev ölkə başçısı və onun apardığı uğrlu siyasət nəticəsində ilbəil inkişaf edən Azərbaycan haqqında yazdığı məqaləsində qeyd edib.
Məqalədə ölkə başçısının atdığı addımların Azərbaycan üçün hansı perspektivlər vəd etdiyi şərh olunub.
Bu gün Azərbaycan onun liderliyi ilə ötən 16 il ərzində heyrətamiz möhtəşəm inkişaf yolu keçib. Prezident İlham Əliyevin unikal idarəetmə məharəti sayəsində Azərbaycan iqtisadi, sosial, siyasi, elmi, mədəni, humanitar və digər sahələrdə misilsiz uğurlara imza atıb.
Bunun nəticəsidir ki, ölkəmizin beynəlxalq miqyasda mövqeləri daha da möhkəmlənib. Onun uzaqgörən Siyasi taktikası Azərbaycanı dünyanın siyasi arxitekturasında yerini müəyyənləşdirib.
Azərbaycanda nəhəng transmilli nəqliyyat layihələri - Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu və digər qlobal layihələr həyata keçirməsi məhz ölkə başçısının qətiyyətinin, təşəbbüskarlığının nəticəsidir.
Danılmaz faktdır ki, prezident İlham Əliyevin idarəçilik istedadı sayəsində Azərbaycan bu gün özünün qüdrətli dövlət mövqelərini xeyli möhkəmləndirib. Bununla yanaşı, Azərbaycan güclü orduya və güclü xarici siyasətə sahib olan qüdrətli dövlətlərdən biridir.
Çox güclü siyasi iradəyə malik olan dövlət başçısı İlham Əliyev dünya üçün risklərlə dolu olan bir dövrdə, Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda uğurlu siyasət aparmaqla böyük nailiyyətlər əldə edib. Bu öz-özlüyündə güclü siyasi biliklər və uzaqgörənlik tələb edir. Təcrübə göstərir ki, Azərbaycan Prezidenti bu aspektdə olduqca uğurlu lider-rəhbərdir.
Onun yürütdüyü siyasət nəticəsində faktiki olaraq Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. Qətiyyətli və güclü siyasi lider kimi dövlət başçılarının və beynəlxalq təşkilatların rəhbərlərinin hörmət və rəğbətini qazanıb. Cənab İlham Əliyev şəxsiyyətinə münasibətdə bu yüksək hörməti təkcə onun beynəlxalq tərəfdaşları deyil, xarici siyasətçilər sırasından olan opponentləri də təsdiqləyirlər.
Xarici siyasətdə hücum mövqeyi tutan İlham Əliyev Azərbaycana qarşı daim əsassız iddialar səsləndirməyə və ölkəmizdə həyata keçirilən siyasəti qərəzli şəkildə tənqid etməyə “adətkar” olan beynəlxalq strukturların rəhbərləri ilə dialoqda Azərbaycanın mənafelərini güzəştsiz olaraq müdafiə edir. O, hökumətin üzvlərindən, digər rəhbər işçilərdən də mübariz mövqe tutmalarını tələb edir.
Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həddindən artıq prinsipial, dönməz və inadlıdır. Onun son illərdə Ermənistanın işğal siyasətinə qarşı sarsıdıcı siyasi diplomatiyası rəsmi İrəvanla yanaşı, arxasında dayanan qüvvələri təşvişə salıb.
2019-cu il oktyabrın 3-də Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasındakı çıxışında və 2019-cu il oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçılarının Sammitindəki bəyanatları ildırım effekti doğurmaqla işğalçıya və işğala siyasi-hərbi dəstək verənlərə sərt sillə təsiri bağışladı.
O, dünyada ikili standartların artdığı, qlobal siyasi qütbləşmənin dərinləşdiyi bir dövrdə islamı gözdən salmağa çalışanlara və islamı terrorla eyniləşdirənlərə qarşı çox barışmaz mövqedə dayanır. Digər islam ölkələrinin liderlərini də bu cür meyillərə qarşı qətiyyət göstərməyə dəvət edir.
Dünya dini liderlərinin II Zirvə Görüşündə cəsarətlə və inadla “Stop İslam” deyən demokratiya beşiklərinə sərrast cavab verir. Bununla o, müsəlman dövlətlərinin beynəlxalq arenada uzlaşdırılmış fəaliyyətində uğurlu nümunəni ortaya qoyur.
Dünyanın ən mötəbər təşkilatlarının sammitləri, zirvə görüşlərinin Azərbaycanda keçirilməzi Onun siyasi nüfuzunun göstəricisidir. BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilat olan Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi və Sədrliyin üç il müddətinə, 2022-ci ilədək Azərbaycana keçməsi isə Prezident İlham Əliyevin Gücü və Ona olan Beynəlxalq Etimadın nümunəsidir.
Dövlətimizin başçısının qeyd etdiyi kimi Zirvə Görüşü onu bir daha göstərdi, Bizə inanırlar, bizi tanıyırlar. “Bilirlər ki, sözümüzlə əməlimiz birdir. Bilirlər ki, heç kimin qarşısında baş əymirik, lap ən ağır sınaqlarla, ən ağır təxribatlarla üz-üz qalsaq belə”.
Azərbaycan Prezidenti eyni zamanda, müsəlman ölkələrinə növbəti dəfə açıq müraciət edərək terrorçu Ermənistanla sıx əlaqələrin qurulmasını həm yolverilməz hesab edir, həm də islam ölkələrinin milli-mənəvi ənənələrinə, ideolojisinə uyğun gəlmədiyini xatırladır:
“Siz Ermənistanla necə qucaqlaşırsınız? Siz bunların liderlərini necə dəvət edirsiniz? Görmürsünüzmü ki, bunlar bizim məscidlərimizi yerlə bir etdilər? Görmürsünüz ki, bizim məscidləri təhqir etdilər? Gedin, baxın, o şəkillər var, onlar Ağdam məscidini, Şuşa məscidlərini, işğal edilmiş digər torpaqlardakı məscidləri nə günə qoydular? Bu, axı təkcə bizim məscidlərimiz deyil, bütün müsəlman aləminin məscidləridir. Buna necə göz yummaq olar? Necə belə riyakarlıq etmək olar?
Azərbaycan Prezidenti daim öz xalqı ilə birbaşa təmasdadır və onun sözü ilə əməli indiyə qədər daim vəhdət təşkil edibdir. Bu vədlərin ardıcıl yerinə yetirilməsi nəticəsində Azərbaycan son on altı ildə öz dinamik inkişafını təmin edib, mühüm transmilli enerji və nəqliyyat layihələrini icra edib, planetin azsaylı kosmik dövlətləri sırasına daxil olub, ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin əsaslı inkişafına nail olunub.
Əhalinin rifahı durmadan yüksəlib, ölkədə üç milyon insanı əhatə edən böyük sosial paketin həyata keçirilməsinə başlanılıb.
Azərbaycan Prezident İlham Əliyevlə yeni davamlı uğurların və uzunömürlü xoşbəxt gələcəyin astanasındadır. Reallıq bundan ibarətdir ki, Azərbaycan həqiqətən zəngin bir ölkəyə çevrilmək etapına qədəm qoyaraq yeni inkişaf dizaynını cızaraq öz intibahına doğru irəliləməkdədir..