Xalq artistləri arasında yaşanan qalmaqalların sayı artmaqda davam edir.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bəzi tanınmış sənət adamlarının məsələyə münasibəti belə olub.
Dünya şöhrətli muğam ifaçısı, xalq artisti Alim Qasımovun sözlərinə görə, müğənni xalq artisti, sülh səfiri, kraliça olmazdan öncə həm də insan olmalıdır:
“Sənətçi titulları ilə deyil, əməyi, zəhməti ilə tanınmalıdır. Mənim üçün mənəviyyat hər şeydən üstdə dayanır. Sənətdən başqa bütün digər şeylərlə gündəmə gələn müğənnilər öz əməllərinin cavabını verəcəklər. Əgər cəmiyyətdə o adamların barəsində yaxşı fikir yoxdursa, titulların nə mənası var?”.
Xalq artisti, Azərbaycanın sevimli aktyoru Rasim Balayev hesab edir ki, günah səviyyəsi olmayanlara titul verib şişirdənlərdədir:
“Biz onları göyə qaldırmışıq və indi də cəzasını çəkirik. Yaltaqlıq edənlər başa çəkilir, sonda xalqa üstən aşağı baxırlar. Normal adam təhqirə yol verməz. Əgər xalq artisti millət vəkilinin də üzərinə hücum çəkirsə, bu qudurğanlığın göstəricisidir. Hər kəs öz həddini bilməlidir. Belə adamlara xəbər göndərilməlidir ki, qələt edib yerində otur. Qadın müğənni ümumiyyətlə özünə hörmət edən insan “mən yemirəm, yedizdirirəm” ifadəsini işlətməməlidir. Bu ifadəni işlədən adamın əxlaqı yerində deyil”.
Tanınmış bəstəkar, əməkdar artist Nailə Mirməmmədli bəzi müğənnilərin, sənət adamlarının hərəkətinə görə xəcalət çəkdiyini bildirdi:
“Bəzən deyirlər ki, “Xalq artisti” və digər titulların geri alınması proseduru hazırlansın. Gör vəziyyəti hansı həddə çatdırıblar ki, millət vəkilləri bu təkliflə çıxış etmək məcburiyyətində qalıblar. Müğənnilər xalq artisti və digər titullardan istifadə edib çərçivəni aşmamalıdırlar. Bəzilərinin sənəti var, əxlaqı yerində deyil, bəzilərində isə ikisi də yoxdur”.