Tanınmış aparıcı Günel Hümbətova 107.7 dalğası olan “AvtoFM”-də hər səhərini sizinlə açacaq.
Oxu.Az xəbər verir ki, G.Hümbətova həftənin beş günü səhər saat 7.00-dan 11.00-dək “Şirinçay” adlı səhər şousu ilə dinləyicilərin görüşünə gələcək.
Qeyd edək ki, DJ Günel ilk efirinə 2009-cu ildə elə məhz radiodan başlayıb. Daha sonra isə bir neçə televiziya kanallarında aparıcı kimi fəaliyyət göstərib.
Gənc və istedadlı aparıcı yeni veriliş barəsində bunları söylədi:
“Söz verdiyim kimi dinləyicilərin görüşünə yeni verilişlə gəldim. Sözügedən veriliş həftənin beş günü 107.7 –“AvtoFM” radiosunda yayımlanan pozitiv əhval–ruhiyyəli səhər şousudur. Verilişdə dinləyicilərə maraqlı məlumatlar, yollardakı vəziyyət barədə məlumat, zövqoxşayan musiqilər çatdırılacaq, müxtəlif maraqlı müsabiqələr təşkil olunacaq. Mən ilk efirimə də məhz radiodan başlamışam. Artıq beş ildir ki, bu sahədəyəm”.
Günelin yenilikləri bununla bitmir:
“Dinləyicilərimlə bərabər tamaşaçılarımı da unutmamışam. Yaxın zamanlarda televiziya kanallarının birində tamaşaçılara yeni layihəmi təqdim edəcəyəm”.
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az