Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək
ABŞ-də kinoteatr və kino sənayesi, ölkənin 47-ci Prezidenti Donald Trampın hakimiyyətə qayıtmasından sonra mühüm dəyişikliklər yaşayır.
Oxu.Az xəbər verir ki, "Le Figaro"ya istinadən yayılan məlumata görə, Hollivud studiyaları son illərdə əsas prioritet kimi qəbul edilən inklüzivlik və müxtəliflik siyasətindən tədricən uzaqlaşaraq, ənənəvi ailə dəyərlərinə üstünlük verməyə başlayır.
Bu dəyişikliklərin əsas səbəblərindən biri Trampın iqtisadiyyatın müxtəlif sahələrində bərabərlik və inklüzivlik prinsiplərinə qarşı yönəlmiş fərmanları hesab olunur.
Dəyişikliklərin ilk əlamətləri artıq görünməyə başlayıb. Məsələn, "Disney" studiyası uşaq cizgi filminə transgender personaj əlavə etmək ideyasından imtina edib. Eyni zamanda, "Amazon" və "Netflix" kimi striming platformaları Bibliya süjetlərinə əsaslanan filmləri uğurla təqdim edirlər.
Hollivudun aparıcı studiyalarından birinin keçmiş rəhbəri bildirib ki, yaxın illərdə tamaşaçılar daha çox vestern janrında, döyüş mövzulu və Trampın "Make America Great Again" ("Amerikanı yenidən əzəmətli edək") şüarına uyğun ideologiyanı təbliğ edən filmlərlə qarşılaşacaqlar. Onun fikrincə, bu yanaşma kino sənayesinin istehsal prosesinə ciddi təsir göstərəcək.
Ənənəvi olaraq liberal dəyərləri və demokratları dəstəkləyən Hollivud indi hakimiyyətdə olan respublikaçı Trampın siyasətinə uyğunlaşmaq məcburiyyətində qalır. Pandemiya, işçi tətilləri və Los-Ancelesdə baş vermiş meşə yanğınları kino sənayesini onsuz da çətin vəziyyətə salıb. Bundan əlavə, Tramp administrasiyasının tətbiq etdiyi idxal rüsumları film istehsalının maya dəyərini artırır və xarici bazarlara çıxışı çətinləşdirə bilər.
Amerikalı audiovizual media eksperti (anonim qalmaq şərti ilə) qeyd edib ki, hazırda Hollivudda ən böyük sifarişçilər "Amazon" və "Apple" kimi texnologiya nəhəngləridir. Bu şirkətlərin əksəriyyətinin Trampa açıq şəkildə dəstək verdiyi və onun baxışlarını bölüşdüyü bildirilir.