"Qəddar oyunlar", "Hellboy" və "Qanuni sarışın" filmlərindəki rolları ilə tanınan amerikalı aktrisa Selma Bler "Delta Airlines" aviaşirkətinə məxsus, Nyu-Yorka uçan təyyarədə insident törədib və polis tərəfindən saxlanılıb.
Oxu.Az TMZ portalına istinadən xəbər verir ki, Selma Bler uçuş zamanı təyyarənin qapısını açmağa cəhd edib, daha sonra bir stüardessanı yumruqlayıb, digərini isə dişləyib.
Portalın məlumatına görə, xəsarət alan ekipaj üzvlərinə təcili tibbi yardım göstərilməsi lazım gəlib. Onlardan birinin burnu sınıb, digərində isə dişləmə izləri olub. Bundan başqa, aktrisanın təyyarənin salonundakı arakəsməyə başını vurduğu bildirilir.
Aktrisa Con Kennedi adına Beynəlxalq Hava Limanına enişdən dərhal sonra saxlanılıb və tibbi müayinədən keçirilməsi üçün xəstəxanaya aparılıb. Hadisə ilə bağlı araşdırmanı Federal Təhqiqatlar Bürosu (FTB) aparır.
Ona qarşı cinayət ittihamlarının irəli sürülüb-sürülməyəcəyi hələlik açıqlanmayıb.
Bu, Selma Blerin təyyarədə yaşadığı ilk belə hadisə deyil. 2016-cı ildə də aktrisa uçuş zamanı emosional böhran keçirdikdən sonra xərəkdə təyyarədən çıxarılmışdı.