Türkiyənin ən çox izlənən seriallarından olan "Kızılcık Şerbeti"ndə "Nilay" obrazını canlandıran, həm də serialın ssenari müəllifi Melis Civelekin qızı olan aktrisa Feyza Civelek, ayrıldığı sevgilisinin dostuna qarşı sosial şəbəkələrdə yazdığı təhdid və təhqiramiz ifadələrə görə məhkəməyə verilib.
Oxu.Az "Haber Global"a istinadla xəbər verir ki, Feyza Civelek qarşıdakı aylarda hakim qarşısına çıxacaq.
İstintaqdan sonra prokurorluq Civelek barəsində "təhdid və təhqir" maddələri üzrə 5 ilə qədər həbs cəzası tələb edib.
Hadisə necə baş verib?
Aktrisa Feyza Civelek bir müddət birlikdə olduğu Alican Kurt ilə münasibətləri bitdikdən sonra, Kurt sosial media hesabında keçmiş münasibətlərinə dair paylaşım edib.

Kurtun dostu Mert Vang isə həmin paylaşımı görüb "boş-boş danışma" şəklində cavab yazıb. Bu şərhi görən Civelek, iddialara görə, çox əsəbiləşərək, Vanga qarşı sərt ifadələr işlədib, təhqir və təhdid edib.
"Həyatında məni görməmisən, tanımırsan, münasibətimə qarışmaq haqqını özündə necə görürsən? Mən Türkiyənin ən tanınmış aktrisalarından biriyəm, sən məni özün kimi səviyyəsiz zənn etdin deyəsən. Alican sənin kimi lazımsız birinin şərhi ilə hərəkət edəcək? Nömrəni aldım, sənin cavabını verəcəyəm. Bir daha mənim haqqımda danışdığını eşitsəm, səni körpüdə asacağam, gələn-gedən üzünə tüpürəcək", - deyərək ardınca söymüşdü.
Bu ifadələr sosial mediada və hüquq-mühafizə orqanlarında rezonans doğurub və nəticədə aktrisaya qarşı cinayət işi başlanılıb. Hazırda məhkəmə prosesinin yaxın aylarda başlaması gözlənilir.