Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Maşın Şou”da “Hind Kinosu”: şouya içəridən baxış - FOTO
Axşam saatlarında “Baku Crystal Hall”da böyük izdiham var. Qonaqlar Azərbaycanın ən reytinqli telelayihəsi sayılan “Maşın Şou”nun səhnə arxasına daxil olur. Rejissor son təlimatlarını verir, operatorlar öz mövqelərini tutur.
Dəvət olunanlar, o cümlədən Oxu.Az-ın müxbiri stolun arxasına keçir.
Hind üslubunda olan rəngarəng dekorasiyalar onsuz da gözəl olan atmosferə şövq qatır.
Rejissor geriyə saymağa başlayır: “3, 2, 1, canlı efir”. “Xanımlar və cənablar, “Maşın Şou”nun “Hind Kinosu” adlı 17-ci mövsümü açıq elan edilir. Qarşılayın, şounun aparıcısı Murad Dadaşov”, - deyə diktorun çıxışı səslənir.
Gur alqış sədaları və həyəcan hər şeyin ideal keçəcəyinə olan əminliklə əvəz olunur. Öz işinin peşəkarı olan Murad Dadaşov hər bir masaya yaxınlaşaraq, zarafatlaşır, tamaşaçını qonaqlarla tanış edir.
Qonaqların əksəriyyətini artıq yerli ictimaiyyət yaxşı tanıyır. Bunlar məşhurlar, proqramın sponsor və tərəfdaşlarının nümayəndələri, həmçinin öncəki buraxılışların iştirakçılarıdır. Onların arasında müxtəlif mövsümlərin qalibləri də yer alır (Roza Zərgərli, Talıb Tale, İslam Mehrəliyev).
Builki şounun mövzusu Hindistanla əlaqəli olduğundan, qonaqlar arasında Hindistanın Azərbaycandakı keçmiş səfiri Sancay Ranı da görmək olar. Həmçinin, şouda həmişə olduğu kimi, Hacı Nuran da iştirak edib. O, hind toylarında geyilən milli geyimi xatırladan kostyumda olub.
Murad Dadaşov hətta zarafatyana bildirir ki, kimin səfir olduğunu ona deməsəydilər, səfirin Hacı Nuran olduğunu zənn edəcəkdi. Ədalət Şükürov da diqqətdən kənarda qalmayıb. Aparıcı, layihədən sonra dekorasiyanın bir hissəsini müğənniyə bağışlamağa söz verib.
M.Dadaşov verilişin aparıcısı olduğu illərdə öz təcrübəsindən çıxış edərək, şou iştirakçılarının, adətən, öz hədəflərinə çatmaq üçün qruplaşmalar yaratdıqlarını diqqətə çatdırıb. Onların layihədə iştirakını rahatlaşdırmaq üçün, qruplaşmalar artıq formalaşıb.
İştirakçılar məhz bu baxımdan elan olunub. Yəni iştirakçıları birləşdirən orta mövzular seçilib. Məsələn, Nazilə Səfərli və Ruhəngiz Allahverdiyeva xalqa və xalq musiqisinə yaxın olan insanlar kimi təqdim olunub. Ranar Musayev və Xose Bernardonun televiziya sahəsində çalışdıqları qeyd olunub.
Ramil Nabran, Oktay Kamil və Mina Hüseyn fərqli janrların ifaçıları olsalar da, onları musiqi birləşdirir. Xəyalə Quliyeva, Aysel Nazim və Nərgiz Əliyeva serial qızlarıdır. Allahverdi Yolçiyev, Sərxan Kərəmoğlu və Aydan Axundzadə - hər zamanda danışmağa mövzu tapa bilən insanlardandır.
Səmra Rəhimli, Dilarə Kazımova və Samir Cavadzadə “Eurovision” mahnı müsabiqəsinin iştirakçıları olub. Onların hər biri ayrı-ayrı vaxtlarda Azərbaycanı həmin müsabiqədə təmsil edib. Və sonuncu iştirakçılar Taleh Yüzbəyov və Mənsur Şərif “internet oğlanlarıdır”.
Reklam fasiləsi zamanı iştirakçılar arasında zarafatyana səsvermə də keçirilib. Onlar artıq indidən şouda kimi görmək istəmədiklərinə dair anonim şəkildə səs verib. Reklam blokundan sonra artıq hamı maşının yanında öz yerini alıb. Aparıcı “qeyri-rəsmi” səsvermənin nəticələrini elan edir. Ən çox səsi Nazilə Səfərli toplayır. Əlbəttə ki, o, yarışı tərk etmədi. Bu, sadəcə, iştirakçıların götür-qoy etməsi üçün bir məlumat və hərəkətə keçmələri üçün bir siqnal oldu.
Səfərlinin və digər iştirakçıların hansı addımlar atacağını artıq bu gün 22:00-da ATV-də görə biləcəksiniz.
Cavid Osmanov
www.oxu.az
Oxu.Az yeniləndi!
Rəylər