Məşhur "Village People" disko qrupunun yaradıcılarından biri, aparıcı solisti və "Y.M.C.A." hitinin ifaçısı Viktor Uillis dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə Gazeta.ru məlumat dərc edib.
75 yaşlı sənətçi iyunun 30-da qısamüddətli, lakin kəskin xəstəlik nəticəsində vəfat edib.
Musiqiçinin həyat yoldaşı Karen Haff-Uillis onun sürətlə inkişaf edən xəstəlik səbəbindən dünyasını dəyişdiyini təsdiqləyib.
V.Uillis 1970-ci illərdən etibarən "Village People" qrupunun ən populyar mahnılarının həm həmmüəllifi, həm də əsas vokalisti olub. O, səhnədə adətən dənizçi və ya polis obrazında çıxış edirdi. Qrupun digər üzvləri isə şou zamanı kovboy, inşaatçı və yerli amerikalı (hindu) obrazlarını canlandırırdılar.
2020-ci ilin mart ayında ABŞ Konqresinin Kitabxanası "Y.M.C.A." mahnısını "Amerika fenomeni" kimi dəyərləndirərək, tarixi, mədəni və estetik baxımdan əhəmiyyətli əsərlərin saxlandığı Milli Səsyazma Reyestrinə daxil edib. Qeyd edək ki, Donald Tramp öz seçki kampaniyasında bu mahnıdan geniş istifadə edib və musiqinin seçicilərin rəğbətini qazanmaqda ona böyük dəstək olduğunu vurğulayıb.
Xatırladaq ki, "Village People" qrupu "Macho Man", "In the Navy" və "Go West" kimi dünyaşöhrətli hitləri ilə musiqi tarixinə düşüb.