Bir çoxları onu bəyənməsələr də albom satışı və YouTube-da izlənmə hesabı ilə hətta xalq artistlərini belə arxada qoyan Üzeyir Mehdizadə maraqlı açıqlamalar verib.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, hər səhər yeni mahnı bəstəsi ilə yuxudan ayılan Üzeyir bu dəfə nə az, nə çox özünə aid olan düz 12 mahnı təqdim edəcək.
ANS telekanalında yayımlanan “Şoubiz+” verilişinə müsahibə verən ifaçı nədənsə canlı oxumaqdan da çəkinib:
“Məndən eksklüziv ifa istəyirsiz? Mən bu günə qədər canlı oxumamışam, onun özü də mənim üçün ayrıca bir proyektdir. Elə bir vaxt gələcək ki, canlı ifa etməyimin özü böyük bir səs-küy yaradacaq”.
İfa etməməyin səbəblərini açıqlamayan Üzeyir Mehdizadə sonuncu dəfə canlı olaraq nə zaman oxuduğunun heç yadında olmadığını etiraf edib:
“Bu, çoxdan olub, o vaxt təzə-təzə tanınırdım. Sonra fikirləşdim ki, bunu sürpriz olaraq saxlamaq lazımdır”.