Canlı oxumaqdan uzaq qaçan, xalq artistlərindən belə çox pərəstişkarı olan Üzeyir Mehdizadə yeni işlərindən danışıb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, tamaşaçılarına sürprizlər vəd edən ifaçı xalq artisti Aygün Kazımovadan danışıb. ANS telekanalında yayımlanan “Şoubiz+” verilişinə açıqlama verən Üzeyir Mehdizadə sənət yoldaşı ilə yeni duet ifa edəcəklərini bildirib:
“Aygün xanım ilə yeni duet oxuyacağıq. Mahnı artıq hazırdır, sadəcə olaraq vaxtının gəlməyini gözləyirik. Mövzu yenə də sevgidən olacaq”.
Azərbaycandan kənarda artıq bir neçə dəfə konsert verən Üzeyir Bakı planlarından da danışıb. O, bu yaxınlarda paytaxtda tamaşaçılarının qarşısına çıxacağını deyib. Toylara getmək üçün yüksək qanorar tələb edən Üzeyir, Aygün Kazımova ilə birlikdə toy aparmaq üçün toy sahiblərindən fantastik pul tələb edib:
“Çox insan istəyib ki, Aygün xanımla birlikdə məni toyunda görsün. İstəyiblər ki, toylarında oxuyaq. Amma qiymətimiz bahadır. Toy yiyələri bu qiymətə razılaşmayıblar. Qonorarımıza gücü çatan olmayıb”.
Gənc ifaçı məbləği sirr olaraq saxlamağı üstün tutub.