Ölkəmiz mart ayından etibarən “Most Fashionable Awards Ceremony” beynəlxalq mükafatlandırılma layihəsinə qoşulub. Layihədə yerli ulduzlarımız da mübarizə aparacaq.
Oxu.Az xəbər verir ki, ötən gün layihənin mətbuat konfransı keçirilib.
“Bu ildən etibarən dünyanın 50-dən çox ölkəsində keçiriləcək, WBC-nin layihəsi olan “Most Fashionable Awards Ceremony”yə Azərbaycan da qatıldı. Nəzərinizə çatdırım ki, bizimlə eyni gündə 10-a yaxın ölkədə bu layihə eyni saatda keçiriləcək. Onların sırasına Rumıniya da qatılıb. Eyni zamanda, İnna, Alexandra Stan, Paula Seling, Akcent və s. dünya və Avropa ulduzları məhz “Most Fashionable Awards Ceremony” mükaflandırılma mərasimində iştirak edəcəklər”.
Bu sözləri layihənin Azərbaycan üzrə rəhbəri, təşkilatçı Aqil Məmiyev deyib.
“World Beauty Congress”in Azərbaycan nümayəndəliyi tərəfindən seçilən ulduz iştirakçılarımız hazırda səsvermə mərhələsində mübarizə aparırlar. Birinci turda iştirakçılar xalqın sosial media üzərindən səs verməsi yolu ilə seçiləcək. İkinci turda hər biri öz kateqoriyasında ən çox səs toplanmış 10 iştirakçı finala vəsiqə qazanaraq yenidən səsvermədə iştirak edəcək.
Səsvermədə cəmiyyətin və “World Beauty Congress”in rəhbərliyi tərəfindən qiymətləndirilməsi olacaq. Qaliblər bu il göstərilən fəaliyyət və ötən ilki uğurlu çıxışlara görə təltif olunacaqlar.
Layihənin münsiflər heyəti isə WBC-nin prezidenti, Avropa, Asiya, Amerika, Afrika region rəhbərləri və Azərbaycan üzrə rəhbəri olacaq.
Daha sonra A.Məmiyev vurğulayıb:
“Layihəyə namizədlər üçün ölkəmizdən hər sahədən peşəkar jüri heyəti də nəzarət edəcək. Hələ ki, iki bölmə üzrə jürilər təyin olunub: Şou-biznes üzərində jüri prodüser Tarix Əliyev (Tolik), aktyorlar üzərində jüri xalq artistimiz Amaliya Pənahova olacaq. Qarşıdakı günlərdə digər jüri heyəti haqqında da məlumat veriləcək”.
Qeyd edək ki, diplom və təltiflər Avropadan birbaşa göndəriləcək və WBC prezidenti tərəfindən təqdim olunacaq.
Xatırladaq ki, layihənin beynəlxalq direktoru Zamir Hüseynov, Azərbaycan üzrə rəhbəri Aqil Məmiyev, icraçı direktoru Cəlal Kəngərli, təşkilatçısı Pərviz Əzimzadədir.
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az