"ABŞ-İran münasibətlərindəki hazırkı dinamika göstərir ki, tərəflər arasında gərginlik çox olsa belə, diplomatik təmaslar da davam edir".
Bu fikirləri Oxu.Az-a açıqlamasında politoloq Rəşad Bayramov ABŞ-İran arasındakı son danışıqları şərh edərkən deyib.
O bildirib ki, hazırda ortaya çıxan əsas mənzərə ondan ibarətdir ki, nə Vaşinqton, nə də Tehran tam kompromisə hazır görünür. Amma hər iki tərəf növbəti hərbi əməliyyatlarda maraqlı deyil və nəzarətdən çıxacaq eskalasiyanın qarşısını almağa çalışırlar:

"Bu səbəbdən müəyyən şərtlər daxilində ortaq məxrəcə gəlmək və razılaşma əldə etmək imkanları var. Tam razılaşma isə son dərəcə mürəkkəb və uzunmüddətli danışıqlar tələb edən bir prosesdir. Məsələnin mərkəzində iki əsas şərt dayanır: İran ilk növbədə sanksiyalar səbəbindən dondurulmuş maliyyə aktivlərinin azad edilməsini və iqtisadi təzyiqlərin yumşaldılmasını istəyir. Tehran hesab edir ki, ABŞ bu istiqamətdə etimad yaratmalıdır. Vaşinqton isə əsas diqqəti İranın nüvə proqramına yönəldir və xüsusilə uranın zənginləşdirilməsi səviyyəsinin məhdudlaşdırılmasını tələb edir. Ən vacib tələblərdən biri isə Hörmüz üzərində blokadanın götürülməsi və saflaşdırılmış uranın təhvil verilməsidir. Əslində isə indi tərəflərin bir-birinin şərtlərini tam qəbul etməməsi yeni vəziyyət deyil. Son onillikdə ABŞ-İran danışıqları həmişə addım-addım güzəşt prinsipi üzərində qurulub. Yəni tərəflər maksimum tələblərlə başlayır, sonra isə mərhələli kompromislərə gediblər. Hazırda da oxşar ssenari mümkündür. ABŞ tərəfindən dəniz blokadasının aradan qaldırılması və müəyyən maliyyə məhdudiyyətlərinin yumşaldılması və ya İranın xaricdəki bəzi aktivlərinə çıxış imkanının yaradılması müqabilində Tehranın Hörmüz blokadasını aradan qaldırması və uranın zənginləşdirilməsini müəyyən müddətə qədər dondurması kimi bir razılaşma əldə etmək mümkündür".
Politoloq vurğulayıb ki, tərəflər arasında tam nüvə sazişi olmayacaq:

"Qeyd olunan şərtlər daxilində razılaşmanın əldə edilməsi ilə tərəflərdə bir-birinə etimadın formalaşması növbəti mərhələdə artıq nüvə danışıqlarına başlamağa imkan verə bilər. ABŞ indiki halda, yəni seçki ilində İran dosyesinin yeni genişmiqyaslı böhrana çevrilməsini istəmir. Xüsusilə ABŞ-də seçkilər yaxınlaşdıqca Tramp üçün nisbi də olsa sabitlik olduqca vacibdir. Çünki yeni hərbi əməliyyatlar təkcə əlavə maliyyə itkisi deyil, eyni zamanda iqtisadi sahədə problemlərin ortaya çıxmasıdır. Bu, seçki ilində daxili auditoriyada hakimiyyətin nüfuzuna mənfi təsir edə bilər. O baxımdan ABŞ müəyyən bir dövr üçün olsa belə, İran məsələsini qapatmaq istəyir. İranın özü də müəyyən kompromislərdə maraqlıdır. Ölkə daxilində iqtisadi vəziyyət ağır olaraq qalır, inflyasiya yüksəkdir və sanksiyalar iqtisadiyyata ciddi təzyiq göstərir. Üstəlik 40 günlük müharibə hərbi arsenala olduqca ciddi zərər vurub. Tehran anlayır ki, məhdud da olsa iqtisadi nəfəs almaq üçün ABŞ ilə müəyyən razılaşmaya ehtiyac var. Bu səbəbdən də mən indiki mərhələdə tammiqyaslı böyük nüvə sazişi olmasa da müəyyən bir razılaşmanın əldə olunacağına inanıram. Düzdür, bu, strateji barış olmayacaq, amma yeni eskalasiyanın qarşısını almağa imkan verəcək".