Bir vaxtlar dünya siyasətinin əsas qaydalarını müəyyən edən Avropa bu gün əvvəlki qədər söz sahibi deyil. İqtisadiyyatının ABŞ və Çindən geri qalması, enerji təhlükəsizliyi, müdafiədə xarici asılılıq, demoqrafik problemlər (qocalma) və siyasi parçalanma "qoca qitə"nin qlobal çəkisini tədricən azaldır. Avropa Komissiyasının İtaliyanın sabiq baş naziri və Avropa Mərkəzi Bankının sədri Mario Draqinin hesabatına əsaslanan qiymətləndirməsinə görə, qitə son iyirmi ildən artıq müddətdə məhsuldarlıq artımında ABŞ ilə arasındakı fərqin böyüməsinə imkan verib.
Avropa qabaqcıl texnologiyalarda ABŞ-dən geri qalır, Çin isə bir sıra sahələrdə Avropaya yaxınlaşıb və hətta bəzi yeni texnologiyalarda üstünlük qazanıb. Draqi tərəfindən təklif edilən və ya o vaxtdan bəri geniş şəkildə "Draqi planı" kimi tanınan strategiyanın ümumi arqumentini və əsas elementlərini təqdim edir. Onun qaldırdığı əsas narahatlıqlar son illərdə - xüsusən də 2008-ci ilin qlobal maliyyə böhranından bəri həm ABŞ, həm də Çinə nisbətən bütövlükdə Avropa İttifaqının (Aİ) iqtisadi artım göstəricilərinin yavaşlaması ilə bağlıdır.
İki hissədən ibarət birləşmiş hesabatda sabiq baş nazir arqumentləri və diqqəti Avropa rəqabət qabiliyyətinin və iqtisadi artımın təşviqinə mane olan əsas məsələlərə və əngəllər hesab etdiyi amillərə yönəldir. Draqi iddia edir ki, Avropa İqtisadi Birliyinin (AİB) və daha sonra Aİ-nin yaradıldığı 1957-ci il Roma Müqaviləsindən bəri davam edən dövr artıq mövcud deyil. Qarşıdakı onilliklərdə Avropanın üzləşdiyi ən təcili çətinliklər əsasən xarici mühitdə ticarət, enerji və müdafiə ilə bağlı üç fundamental dəyişiklikdən qaynaqlanır. Bu isə sadəcə iqtisadi statistika deyil. Məhsuldarlıq zəifləyirsə, dövlətin müdafiəyə, infrastruktura, sosial təminata və texnologiyaya ayıra biləcəyi resurs da məhdudlaşır. Başqa sözlə, iqtisadi güc zəiflədikcə onun neqativ siyasi və hərbi nəticələri də ortaya çıxır.

Təbii ki, Avropa dünyanın ən güclü universitetlərinə, böyük sənaye şirkətlərinə və nəhəng istehlak bazarına sahibdir. Lakin əsas problem ideyanın yaradılması ilə onun qlobal biznesə çevrilməsi arasındakı məsafədir. ABŞ texnologiya şirkətlərini qlobal nəhənglərə çevirə bildi. Çin isə dövlət kapitalı, sənaye siyasəti və böyük daxili bazarın üstünlüklərindən istifadə edərək elektrik avtomobilləri, batareyalar, Günəş panelləri və digər strateji sahələrdə sürətlə irəlilədi. Avropada isə bu nəzəriyyə əksinədir. Bu, artıq Brüsselin özünün də etiraf etdiyi problemdir.
Avropa Komissiyasının "Competitiveness Compass" strategiyası innovasiya boşluğunun bağlanmasını, enerji xərclərinin azaldılmasını, tənzimləmə yükünün aşağı salınmasını və vahid bazarın dərinləşdirilməsini əsas prioritetlər kimi müəyyənləşdirir. Avropanın "Rəqabətqabiliyyətlilik kompası" layihəsi Aİ-nin qlobal arenada iqtisadi və iqtisadi bərpa etmək və rəqabət qabiliyyətini gücləndirmək üçün qəbul edilmiş strategiyadır. AK-nin prezidenti Ursula fon der Lyayen tərəfindən rəsmən təqdim edilən bu plan Mario Draqinin yuxarıda qeyd etdiyimiz Avropa rəqabətqabiliyyətliliyinin gələcəyinə dair hazırladığı hesabatdakı tədbirlərə əsasən hazırlanıb. Sənədin əsası ABŞ və Çin kimi nəhəng iqtisadiyyatlarla geridə qalan sahələr sürətləndirməkdir.
Enerji böhranı
Avropanın iqtisadi modelinə ən ağır zərbələrdən biri də enerji böhranı oldu. Rusiya qazından asılılığın kəskin azalması qitəni strateji baxımdan daha müstəqil etdi, lakin eyni zamanda sənayenin enerji xərclərini artırdı. Xüsusilə Almaniya kimi sənaye nəhəngləri bundan ciddi təsirləndi. Ən böyük problemlərdən biri isə demoqrafiyadır.
Avropa İttifaqının statistika qurumu "Eurostat"ın proqnozuna görə, 2025-2100-cü illər arasında Aİ ölkələrinin əhalisi 53 milyon nəfər və ya 11.7% azalacaq. 2025-ci ildə Aİ əhalisi 451.8 milyon nəfər qiymətləndirilib. 2021-ci ildə COVID-19 pandemiyası səbəbindən müşahidə olunan azalmadan sonra 2022-ci ildən etibarən yenidən artım başlayıb.
Hesabata görə, əsrin sonuna doğru əhalinin yaş strukturu da dəyişəcək. Belə ki, 0-19 yaş qrupunun payı 20%-dən 17%-ə, 20-64 yaş arası əmək qabiliyyətli əhalinin payı isə 58%-dən 50%-ə enəcək. Əksinə, 65-79 yaş qrupunun payı 16%-dən 17%-ə, 80 və yuxarı yaşlıların payı isə 6%-dən 16%-ə yüksələcək. 2025-ci ildə Aİ əhalisinin 22 faizi 65 yaşdan yuxarı idi. Proqnoza görə, Aİ əhalisi 2029-cu ildə təxminən 453.3 milyon nəfərlə pik həddə çatdıqdan sonra uzunmüddətli azalma mərhələsinə keçə bilər; 2050-ci ildə əhalinin 445 milyona, 2100-cü ildə isə təxminən 399 milyona düşəcəyi proqnozlaşdırılır. Bu isə daha az işləyən insan - daha az vergi gəliri, daha böyük sosial xərclər, daha az işçi qüvvəsi, daha çox miqrasiya ehtiyacı və müdafiə xərclərinin maliyyələşdirilməsində daha böyük təzyiq deməkdir. Beləliklə, demoqrafiya Avropanın həm iqtisadi, həm də geosiyasi probleminə çevrilir.

Avropanın siyasi gücünün azalmasını Birləşmiş Ştatlardan ayrı düşünmək mümkün deyil. İkinci Dünya müharibəsindən sonra Avropa təhlükəsizliyinin əsas dayağı ABŞ oldu. Bu model Avropaya sosial dövlət və iqtisadi inkişaf üçün daha çox resurs ayırmağa imkan verdi. Lakin ABŞ öz diqqətini getdikcə daha çox Çin və Hind-Sakit okean regionuna yönəldir. Vaşinqton Avropanın müdafiə xərclərinin artırılmasını tələb edir. Eyni zamanda, ABŞ-nin ticarət siyasətində proteksionizmin güclənməsi Avropa üçün əlavə təzyiq yaradır. Beləliklə, qitə bir tərəfdən ABŞ-nin təhlükəsizlik çətirinə ehtiyac duyur, digər tərəfdən isə Vaşinqton qarşısında daha müstəqil geosiyasi aktor olmaq istəyir. Bu iki məqsəd arasındakı ziddiyyət Avropanın strateji probleminə çevrilib.
Avropanın zəifləməsindən danışarkən burada Donald Tramp faktoru da xüsusi vurğulanır. Çünki Trampın ikinci prezidentlik dövründə (2025-ci ildən) Vaşinqtonla Brüssel arasındakı münasibətlər sadəcə siyasi fikir ayrılığı mərhələsindən çıxaraq strateji məsuliyyət bölgüsü məsələsinə çevrilib.
ABŞ liderinin əsas mesajı budur ki, ölkəsinin Avropanın təhlükəsizliyinin əsas maliyyə və hərbi təminatçısı olmasını istəmir. Vaşinqton illərdir Aİ ölkələrini müdafiəyə kifayət qədər pul xərcləməməkdə və ABŞ-nin hərbi gücündən istifadə etməkdə günahlandırır.
ABŞ-nin hərb nazirinin siyasət üzrə müavini Elbric Kolbi avqustun 27-də NATO-nun qərargahında üzv ölkələrin nümayəndələri ilə görüşdə bildirib ki, Avropanın müdafiəsi daha çox Avropa rəhbərliyində olmalıdır. Eyni zamanda Birləşmiş Ştatların Avropadakı qoşun yerləşdirməsinə dair altı aylıq strateji müşahidə aparılır. Bu, Avropa üçün ciddi dönüş nöqtəsidir. Əbəs deyil ki, NATO ölkələri 2035-ci ilə qədər ÜDM-in 5 faizini müdafiə və əlaqəli təhlükəsizlik xərclərinə yönəltmək istiqamətində öhdəlik də götürüblər.

Bir sözlə, Avropanın bugünkü zəifləməsinin səbəbi Brüsselin səhvləri ilə yanaşı, həm də dünya nizamının dəyişməsidir. Yeni dünya düzənində şərtlər fərqlidir.
Çin iqtisadi və texnoloji rəqibə çevrilir. Rusiya Avropanın təhlükəsizlik sistemini sarsıtmağa çalışır. ABŞ isə əvvəlki dövrlərdəki kimi Avropanın təhlükəsizliyinin bütün yükünü öz üzərinə götürmək istəmir. Bu isə Avropanın qarşısında tarixi seçim yaradır. Ya qitə iqtisadi sərvətini real hərbi, texnoloji və siyasi gücə çevirməyi bacaracaq, ya da zəngin, sosial baxımdan inkişaf etmiş, lakin təhlükəsizlik və strateji qərarlar baxımından başqalarından asılı qalan bir güc olacaq.